Bu il 25 milyon turistin Türkiyəni ziyarət edəcəyi gözlənilir

Bu il 25 milyon turistin Türkiyəni ziyarət edəcəyi gözlənilir

Dünya üzrə COVID-19 pandemiyasından ən çox təsirlənən sahələrdən biri də turizm sektorudur. Bütün dünyada olduğu kimi, il boyu ən çox turist qəbul edən ölkələrdən biri olan qardaş Türkiyədə də pandemiyanın mənfi fəsadları bu sahədə özünü büruzə verir. Hazırda Türkiyəyə gələn xarici ölkə vətəndaşları "Təhlükəsiz turizm sertifikat proqramı" çərçivəsində ölkəyə qəbul edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq səyahətin, o cümlədən turizm sektorunun nə vaxt normallaşacağı barədə hələ heç nə demək mümkün deyil. Təbii ki, bundan irəli gələrək turizmə ev sahibliyi edən Türkiyə kimi ölkələrdə xarici turistlərlə bağlı gözləntilər çox aşağı səviyyədədir. Hazırda istər qlobal arenada, istərsə də Türkiyədə bütün gözlər daxili turizmə yönəlib. Türkiyənin builki turizm hədəfi təxminən 20-25 milyon nəfərdir ki, onların da əksəriyyətinin ölkənin Egey bölgəsinə, xüsusilə təbiət turizminə, kiçikçaplı otellərə, təcrid olunmuş dağ evləri kimi məkanlara üstünlük verəcəyi gözlənilir. Artıq bununla bağlı statistik göstəricilərə baxdıqda ölkə əhalisinin istər tam qapanma, istərsə də istirahət günlərində bu cür məkanlarda dincəldikləri müşahidə edilir.

Mütəxəssislər pandemiyadan sonra da istər yerli, istərsə də xarici turistlərin əsasən kənd turizminə üstünlük verəcəklərini bildirirlər. Bununla bağlı artıq qardaş Türkiyədə bir sıra fəaliyyətlər də başladılıb. Ölkənin turistik baxımdan daha cəlbedici, lakin digər bölgələrə nisbətən daha az ziyarət edilən yerlərində turizmin inkişaf etdirilməsi üçün layihələrin icrasına start verilib.

Bundan əlavə qardaş ölkədə artıq tətbiqinə başlanılan "Təhlükəsiz turizm sertifikat proqramı" çərçivəsində xarici vətəndaşların turist olaraq Türkiyəyə gəlişinə start verilib. Bununla əlaqədar olaraq artıq Ukrayna heyəti Türkiyəni ziyarət edib və turistik səyahətlərin başlaması ilə bağlı fikir mübadiləsi aparılıb. Gələcək günlərdə Almaniya və Rusiyadan da heyətin ölkəyə gəlməsi gözlənilir.

Milli.Az

Mənbə: news.milli.az