Mərkəzi Bankdan dəyərləndirmə: Ölkədə iki bank zərərlə fəaliyyət göstərib - ÖZƏL

Mərkəzi Bankdan dəyərləndirmə: Ölkədə iki bank zərərlə fəaliyyət göstərib - ÖZƏL

Prudensial hesabatlara əsasən, 2021-ci ilin birinci rübündə cəmi iki bank zərərlə fəaliyyət göstərib.

Bu barədə milletinsesi.info-ın sorğusuna əsasən, Mərkəzi Bandan məlumat verilib.

Bildirilib ki, bu bankların zərərinin həcmi (cəmi 0,2 milyon manat) və həmin bankların bank sektorunun aktivlərində payı kiçikdir.

Eləcə də əlavə edilib ki, ötən il bank sektoru bir sıra çağırışlarla qarşılaşsa da, (bura qlobal əmtəə birjalarında neftin qiymətinin kəskin aşağı düşməsi, pandemiya və müharibə amilləri daxildir) şoklara qarşı dayanıqlı olduğunu sübut edib:

“Bu gün sektorun mövcud kapital buferi və likvidlik mövqeyi şoklara qarşı davamlılığı şərtləndirir. 31 mart 2021-ci il tarixinə bank sektorunun cəmi aktivləri 32,5 milyard manat, cəmi öhdəlikləri 27,7 milyard manat təşkil edir. Sektorun kapital adekvatlığı prudensial tələbi 2 dəfədən çox üstələyir. Sektorun cəmi likvid aktivləri 10,8 milyard manat olmaqla, minimum requlyativ tələbi 2,1 dəfə üstələyir”.

Mərkəzi Bankdan verilən məlumatda növbəti dövrdə bank sektoru üçün gözləntilərin nədən ibarət olacağı da qeyd edilib:

“Bank sektoruna nəzarət və tənzimləmə funksiyaları səmərəli şəkildə inkişaf etdirilir. Həyata keçirilən tədbirlər növbəti dövrlərdə bankların daha dayanıqlı olmasına və maliyyə vasitəçiliyi funksiyasının genişlənməsinə xidmət edəcək.

Bununla yanaşı, post-pandemiya dövründə yaranacaq yeni kredit tələbi üzrə sağlam kreditləşmə siyasətinin təşviqinə mühüm diqqət ayrılacaq. Bütövlükdə, növbəti dövrlərdə maliyyə sektorunun tənzimləməsi və nəzarəti üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, Bazel prinsiplərinə əsasən risklərə fokuslaşmış müasir prudensial nəzarət və tənzimləmə prosesinin tətbiqi, banklarda risklərin idarə edilməsi potensialının gücləndirilməsi və maliyyə sabitliyi infrastrukturunun elementlərinin inkişaf etdirilməsi Mərkəzi Bankın prioritet hədəflərini təşkil edəcək”.

Nigar Məmmədova

Mənbə: milletinsesi.info