Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi 2020-ci ili 148 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 21,15 dəfə azdır.

Ötən il Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 8,262 milyon manat (əvvəlki ilə nisbətən 1% az), sair əməliyyat gəlirləri 338 min manat (5 dəfə çox), inzibati xərcləri 8,173 milyon manat (83,1% çox), sair əməliyyat xərcləri 34 min manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 246 min manat (3,3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin aktivləri 7,346 milyon manat olub ki, bu da illik müqayisədə 4,05% azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 13,7% azalaraq 2,85 milyon manata düşüb, balans kapitalı isə 3,3% artaraq 4,495 milyon manata çatıb.

Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ölkə prezidentinin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməklə məşğuldur.

Mənbə: report.az