Çin əhalinin yaşlanma problemini həll etmək üçün konkret tədbirlər görəcək

Çin əhalinin yaşlanma problemini həll etmək üçün konkret tədbirlər görəcək

Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati zonaları istisna olunmaqla) əhalinin sayı ötən onillikdə hər il üzrə orta hesabla 0,53 faiz artaraq, 1 milyard 411 milyon nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəmlər ölkə əhalisinin 2010-2020-ci illər üzrə siyahıya alınmasının nəticələrinə dair Çin Dövlət Şurasının İnformasiya Ofisində keçirilmiş mətbuat konfransında açıqlanıb. Bildirilib ki, sonuncu onillik üzrə qeydə alınmış illik orta artım tempi əvvəlki onillik (2000-2010-cu illər) üzrə göstəricidən (illik 0,57 faiz artım) azdır. Hazırda Çin əhalisinin 723,34 milyonunu kişilər (31,24 faiz), 688,44 milyonunu (48,76 faiz) qadınlar təşkil edir. Hər 105,7 kişiyə 100 qadın düşür. Ölkə əhalisinin 901,99 milyonu şəhərlərdə, 509,79 milyonu kənd yerlərində yaşayır.

Siyahıya alınmanın nəticələrinə əsasən, yaşı 60-dan yuxarı olanların sayı çoxalaraq 264 milyona çatıb ki, bu da ölkə əhalisinin 18,7 faizidir.

Çin Dövlət Statistika Bürosunun rəhbəri Nin Cie yaşlı insanların ölkənin sosial inkişafının vacib trendi olduğunu vurğulayaraq, uzun illər ərzində Çində bu şəraitin davam edəcəyini bildirib. Yaşlı əhalinin sayının çoxalmasının həm imkan, həm də çağırış yaratdığını bildirən Çin rəsmisi əlavə edib ki, bu artım əməkqabiliyyətli təbəqənin azalmasına səbəb olacaq, əsas dövlət xidmətlərinin göstərilməsinə təzyiqləri artıracaq. Nin Cie hökumətin əhalinin yaşlanma problemini həll etmək üçün konkret tədbirlər görəcəyini və ümumi planlar hazırlayacağını bildirib.

Qeyd edək ki, Çin əhalinin sayına görə dünyada birinci yerdədir.

Mənbə: news.milli.az