Türkiyədə “Təhlükəsiz turizm sertifikatı” proqramına daxil edilən müəssisələrin sayı on mini keçib

Türkiyədə “Təhlükəsiz turizm sertifikatı” proqramına daxil edilən müəssisələrin sayı on mini keçib

Türkiyədə “Təhlükəsiz turizm sertifikatı” proqramına daxil edilən müəssisələrin sayı artmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, başda COVID-19 olmaqla 152 sağlamlıq meyarını özündə əks etdirən proqramın əsas məqsədi yerli və xarici turistlərin tətillərini təhlükəsiz və rahat şəkildə başa vurmasını təmin etməkdir. Beynəlxalq səviyyədə akkreditə olunmuş təşkilatlar tərəfindən də təsdiq edilən proqrama daxil olan müəssisələr bir ay ərzində dörd dəfə yoxlamadan keçirilir. Bunlara hava limanları, otellər və turizm agentlikləri də daxildir. Yoxlamalar zamanı cüzi qayda pozuntuları aşkarlanan müəssisə dərhal proqramdan çıxarılır.

Qardaş ölkədə keçən il başladılan sertifikatlaşdırılma proqramına indiyədək on mindən artıq müəssisə daxil edilib ki, bu sayın 2020-ci illə müqayisədə cari ildə daha da artacağı gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az