Dünya bazarında neftin qiyməti kəskin şəkildə artıb

Ötən cümə günü qlobal iqtisadi artım perspektivləri ilə əlaqədar narahatlıqlar neftin ucuzlaşmasına səbəb olsa da, həftənin və ayın sonunda neftin qiymətində artım müşahidə olunub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, artım inkişaf etmiş ölkələrdə enerji resurslarına tələbatın böyüməsi ilə bağlı olub.

Məlumatlara görə, cümə günü WTI neftinin iyun fyuçersləri 1,43 dollar və ya 2,1 faiz ucuzlaşaraq bir bareli 63,58 ABŞ dollara satılıb. Lakin həftənin və aprel ayının sonunda bu neft markası müvafiq olaraq 2,3 faiz və təxminən, 7,5 faiz bahalaşıb.

“Brent” markalı neftin iyun fyuçersləri cümə günü 1,31 dollar və ya 1,9 faiz ucuzlaşıb və bir bareli 67,25 dollara təklif olunub. Buna baxmayaraq, “Brent”in iyun fyuçersləri həftəni 1,7 faiz, aprel ayını isə 5,8 faiz qiymət artımı ilə başa vurub.

Bu arada, “Brent”in iyul fyuçerslərinin qiyməti 1,29 dollar və ya 1,9 faiz azalaraq 66,76 dollar təşkil edib.

“Sevens Report Research” maliyyə araşdırma firmasının analitiki Tayler Riçi qeyd edir ki, “OPEC+”in hasilatı böhrandan əvvəlki səviyyəyə çox sürətlə bərpa etməsi riski var: “Bununla belə, qlobal neft hasilatçılarının yüksək vəzifəli rəsmilərinin ehtiyatlı bəyanatlarını nəzərə aldaq, bu risk hazırda kiçikdir”.

“Koronavirusa yoluxmaların sayının sürətlə artımı ilə bağlı narahatlıqlar yenidən böyüyüb. Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistanda pandemiyanın səbəb olduğu böhran şiddətlənməyə davam edir və onun zəifləməsi əlamətləri görünmür”, – “Oanda” şirkətinin bazar analitiki Sofi Qriffits deyib.

Hindistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, cümə günü ölkədə 386 452 COVID-19 xəstəsi aşkar olunub, sukta ərzində 3 498 xəstə ölüb.

“Rystad Energy” şirkətinin neft bazarları şöbəsinin rəhbəri Byornar Tunhauqen isə hesab edir ki, önümüzdəki aylarda qlobal neft tələbatı kəskin şəkildə artaraq Hindistanda azalan istehlakı və artan OPEC+ hasilatını kompensasiya edəcək.

Bu arada, ötən cümə günü “NYMEX” əmtəə birjasında neft məhsulları ucuzlaşıb, lakin ayın sonunda qiymətlərdə artım müşahidə olunub.

Cümə günü benzinin may fyuçersləri 1,4 faiz ucuzlaşaraq bir qalonu (təxminən 3,7 litr) 2,0698 ABŞ dollarına satılıb. Ay ərzində isə benzinin qiymətində 6 faiz artım olub.

Mazutun may fyuçerslərinin qiyməti cümə günü 2,1 faiz azalaraq bir qalonu 1,9211 dollara satılıb, lakin aylıq artım 8,5 faiz təşkil edib.

Təbii qazın iyun fyuçerləri cümə günü 0,7 faiz bahalaşıb (1 milyon BTU üçün 2,931 ABŞ dolları), ayın sonunda isə qiymət artımı 12 faizdən çox olub.

Minval.info

ƏVVƏLKİ XƏBƏR

Bakıda 10 yaşlı uşağı piyada zolağında avtomobil vurdu

SONRAKI XƏBƏR

Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edilib