Misirdə Yaxın Şərqin ilk mobil qaz stansiyası istifadəyə verilib

Misirdə Yaxın Şərqin ilk mobil qaz stansiyası istifadəyə verilib

Misirdə Yaxın Şərq regionunun ilk sıxılmış təbii qaz (CNG) stansiyası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat üçün açıqlamasında bildirilir ki, “Gastec” şirkətinin quraşdırdığı stansiya GNG yanacağı ilə işləyən avtomobillərə xidmət göstərəcək. Mobil imkanlara malik olan və 500 kubmetr qaz ehtiyatına malik stansiyanın turistlərin çox olduğu bölgədə hərəkət edəcəyi qeyd olunub.

Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Molla jurnalistlərə müsahibəsində deyib ki, ötən il ölkədə 18 min 500 avtomobilin mühərriki CNG yanacağına uyğunlaşdırılıb. Onun sözlərinə görə, cari ildə bu cür nəqliyyat vasitələrinin sayı 45 minə çatdırılacaq. Nazir əlavə edib ki, mobil stansiya ilə yanaşı, bu il “Gastec” şirkəti Misirin böyük şəhərlərində 15 qazdoldurma stansiyası da istifadəyə verib.

Avtomobillərin benzindən qaza keçirilməsi kampaniyası çərçivəsində Misirdə ümumilikdə 39 qaz stansiyası və mühərriklərin CNG-yə keçirilməsi üzrə 119 məntəqə fəaliyyət göstərir.

Mənbə: azertag.az