Bu həftə hansı mühüm iqtisadi hadisələr ilə yadda qaldı?

Bu həftə hansı mühüm iqtisadi hadisələr ilə yadda qaldı?

Azərbaycanda karantin rejimi dövründə ilk dəfə ÜDM istehsalının artması, Bakıda "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərinin keçirilməsi, iri ticarət mərkəzlərinin açılması - Sputnik Azərbaycan bu həftənin ən mühüm iqtisadi hadisələrindən bəhs edir.

BAKI, 13 iyun — Sputnik. Bu həftə Azərbaycanda baş verən iqtisadi hadisələr içərisində ümumi daxili məhsul (ÜDM) istehsalının artması diqqət çəkib. Belə ki, karantin rejiminə keçdikdən sonra ilk dəfə olaraq ölkəmizdə iqtisadi artım qeydə alınıb.

Ümumi Daxili Məhsul istehsalı artıb

Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul istehsalı ilə bağlı məlumat yayıb. Bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az, yanvar-mart aylarında isə 1,3 faiz az ÜDM istehsal olunub. Pandemiyaya görə ötən il Azərbaycanda ÜDM istehsalı 4,3 faiz azalmışdı. Göründüyü kimi, bu ilin 5 ayında ÜDM-də artım qeydə alınıb.

Mərkəzi Bank valyuta bazarı və məzənnə ilə bağlı məlumat yayıb

Bu həftə Mərkəzi Bankın valyuta bazarı və məzənnə ilə bağlı məlumatı diqqət çəkib. Məlumata görə, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub. "Yaranmış meyllər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir",- məlumatda deyilib.

Xatırladaq ki, cari ilin ilk beş ayında Neft Fondu valyuta hərraclarında 2,303 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 36,7% azdır. Təkcə mayda isə 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır.

Bakı Ekspo Mərkəzində "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgiləri açılıb

Bu həftə Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub. Sahibkarlar koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılıblar.

"Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunub. "Caspian Agro 2021" sərgisində "ağıllı ferma", heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edib. "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilib.

Sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirib. Həmçinin sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının "Made in Azerbaijan" brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platforma olub.

Operativ Qərargahın qərarına əsasən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklər açılıb

Bu həftə Operativ Qərargahın qərarına əsasən idman zalları, iri ticarət mərkəzləri və digər yerlər açılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılması ilə bağlı qərar verib. Həmin qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunub. İyunun 10-dan iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb. Amma onların nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə qoyulan qadağa qüvvədədir.

Bundan başqa, Nazirlər Kabinetinin iyulun 5-də qəbul etdiyi 162 saylı qərarla 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib. Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər bu ölkələrdən Azərbaycana yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında buraxılırlar. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər. Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur. Qeyd edək ki, bütün bu açılımlar iqtisadiyyatda canlanma yaradır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

AYİB-in işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenlə görüşüb. Görüşdə Azərbaycanla EBRD arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, ölkəmizin bankla əlaqələrin inkişafına önəm verdiyi qeyd edilib. Beynəlxalq maliyyə institutları, o cümlədən EBRD ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin, müasir texnologiya və yeniliklərin ölkəmizdə tətbiqı xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı prioritetləri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Holdinqi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə AYİB arasında əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri bildirib ki, EBRD ilə müxtəlif sahələr, xüsusilə dövlət-özəl tərəfdaşlığı, "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialı böyükdür.

EBRD-nin Qafqaz üzrə regional direktoru bankın Azərbaycanla səmərəli və uzunmüddətli əməkdaşlığını qeyd edib, ölkəmizin iqtisadi perspektivlərinin əlaqələrin inkişafına şərait yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-EBRD əməkdaşlığın genişləndirilməsi istiqamətləri, bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə yaradılıb və mənzil qərargahı Londonda yerləşir. Azərbaycan Respublikası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Bankın Azərbaycandakı nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bankla Azərbaycan arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir.

Mənbə: sputnik.az