“Kanal İstanbul” layihəsinin ilk körpüsünün təməli iyunun son həftəsi atılacaq

“Kanal İstanbul” layihəsinin ilk körpüsünün təməli iyunun son həftəsi atılacaq

Qara və Mərmərə dənizlərini birləşdirəcək Türkiyənin su yolu layihəsi olan “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməli iyunun son həftəsi qoyulacaq.

AZƏRTAC xəbər verir ki, ümumi uzunluğu 1618 metr təşkil edəcək körpü hər iki istiqamətə dörd olmaqla ümumilikdə səkkiz zolaqdan ibarət olacaq. Platforma eni 46 metr nəzərdə tutulan körpünün “Diamond” həndəsi ilə dizayn edilən qüllələrinin hündürlüyü isə 196 metrədək yüksələcək.

İlk dəfə 2011-ci il aprelin 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə təqdim edilən “Kanal İstanbul” layihəsi çərçivəsində ümumilikdə altı körpünün inşası nəzərdə tutulur. Ümumi büdcə dəyəri 15 milyard dollar olaraq hesablanan “Kanal İstanbul”un ətrafında iki şəhər inşa olunacaq ki, bu layihənin icrası zamanı təxminən 500 min nəfərin iş ilə təmin edilməsi planlaşdırılır.

Qarşıdan gələn beş il ərzində inşasının tamamlanması nəzərdə tutulan layihənin ərsəyə gəlməsində 200-ə yaxın elm adamı və mütəxəssis iştirak edib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az