Azərbaycandan ən çox Türkiyəyə, Azərbaycana isə Rusiyadan - Pul Köçürülüb

Azərbaycandan ən çox Türkiyəyə, Azərbaycana isə Rusiyadan - Pul Köçürülüb

2021-ci ilin 1-ci rübündə Rusiyadakı fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 119 milyon 947 min dollar təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

2020-ci ilin yanvar-mart aylarında fiziki şəxslər Rusiyadan Azərbaycana 95 milyon 228 min dollar vəsait köçürmüşdülər. Beləliklə, 2021-ci ilin 1-ci rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 26% artıb.

Cari ilin 1-ci rübündə Rusiya Azərbaycana pul köçürmələri həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəki 52,9% (2020-ci ilin yanvar-mart aylarında 50,7%) təşkil edib.

2021-ci ilin 1-ci rübündə Azərbaycana cəmi pul köçürmələrinin həcmi 226 milyon 641 min dollar (artım 20,6%) təşkil edib.

Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin Türkiyə (20 milyon 3 min dollar, artım 11%), ABŞ (11 milyon 867 min dollar, artım 17,6%), Böyük Britaniya (8 milyon 76 min dollar, artım 48%) və Qazaxıstan (8 milyon 4 min dollar, azalma 1,5%) daxildir.

Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,3% azalaraq 121 milyon 952 min dollara geriləyib.

Azərbaycandakı fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında ilk yeri Türkiyə tutub (33 milyon 519 min dollar, artım 27%). 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan həyata keçirilən bütün pul köçürmələrinin 27,5%-i (2020-ci ilin I rübündə 21,6%-i) bu ölkənin payına düşüb.

Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi 25 milyon 948 min dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 11,5% azdır.

Cari ilin I rübündə Azərbaycandan fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə, həmçinin Gürcüstan (16 milyon 571 min dollar, artım 2,1 dəfə), ABŞ (9 milyon 407 min, azalma 9,4%) və Ukrayna da (5 milyon 428 min dollar, azalma 9,9%) daxildir. (İnterfaks-Azərbaycan)

Mənbə: fed.az