Fərhad Əhmədov Göyçayda çoxsaylı yeni iş yerləri açdı OTEL,RESTORAN, LİMONAD SEXİ, ÇAMAŞIRXANA KOMPLEKSİ...,+FOTOQALEREYA

Fərhad Əhmədov Göyçayda çoxsaylı yeni iş yerləri açdı OTEL,RESTORAN, LİMONAD SEXİ, ÇAMAŞIRXANA KOMPLEKSİ...,+FOTOQALEREYA

Azərbaycan əsilli rusiyalı iş adamı, messenat və eks-senator Fərhad Əhmədov Göyçay rayonunda çoxsaylı yeni iş yerləri yaradıb. Virtualaz.org xəbər verir ki, səhmləri F.Əhmədova məxsus olan “AzNar” QSC bu günlərdə Göyçaydakı eyni adlı müəssisəni genişləndirərək orada yeni 4-ulduzlu otel, restoran, qazlı və qazsız içkilər sexi, çamaşırxana-kimyəvi təmizləmə mərkəzi açıb. İyunun 12-də istifadəyə verilən həmin obyektlərdə 100-dən çox yeni iş yerləri açılıb.

Qeyd edək ki, şirkət “AzNar” zavodunun bazasında “Nar” firma-otelinin birinci korpusunu 2019-cu ildə, F.Əhmədovun Göyçayda təşkil etdiyi (pandemiyadan əvvəl) ənənəvi Nar Bayramı çərçivəsində istifadəyə vermişdi. İndi isə otelin yeni korpusu istifadəyə verilib.

2019-cu il, Göyçayda Nar Bayramı

“Nar” oteli “AzNar” şirkətinin turizm və istirahət mərkəzidir. Burada qonaqlar üçün yüksək komfortlu şərait yaradılıb, otelin zövqlə tərtib edilmiş interyeri isti işıq tonlarında və Göyçay rayonunun nar mədəniyyəti stilindədir, otel sənayesinin ən müasir tələblərə cavab verən avadanlıqları ilə təchiz olunub.

“Nar” otelinin yeni istifadəyə verilən korpusu isə oteldə nömrələrin sayını 81-ə çatdırmağa imkan verib. Bura single,double,twin,triple, connection, family room, suit nömrələr daxildir. Şirkət gələcəkdə nömrələrin sayını artırmaq, daha 45-50 otaq istifadəyə vermək üçün layihə hazırlayır. Otellərdə yüksək zövqlə tərtib edilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş “La Veranda” və “La Terrace” restoranları da fəaliyyət göstərir. Yaxın aylarda oteldə SPA-mərkəz, o cümlədən sauna, türk hamamı, müalicəvi nar vannaları, palçıq vannaları, kinoteatr, fitnes mərkəzi, ticarət mərkəzi və s. hazır olacaq.

 

 

Şirkətin “Nar Laundry” çamaşırxana-kimyəvi təmizləmə mərkəzi regionda ən iri və ən müasir avadanlıqlarla təchiz edilmiş belə müəssisədir. Orada Belçikanın IPSO, İtaliyanın “Realstar”, “SidiMondial”, “Artmecc” şirkətlərinin avadanlıqları quraşdırılıb. Bunlar dünyada çamaşırxana sənayesi üçün ən yaxşı brendlərdir. Mərkəzin istehsalat gücü gündə 2 ton təşkil edir. “Nar Laundry” çamaşırxana-kimyəvi təmizləmə kompleksi təkcə “Nar” otelinin qonaqlarına deyil, eləcə də kənar şirkətlərə, ictimai iaşə müəssisələrinə xidmət göstərəcək, onlardan iri sifarişlər qəbul edə biləcək.

 

Şirkət iyunun 12-də habelə “Pogreb” adlı yeni restoranı da istifadəyə verib. Restoran park ərazisində yerləşir, açıq məkana malikdir və eyni vaxtda 80 qonağa xidmət göstərə bilir. Restoranın müştəriləri təbii ki, "AzNar" QSC-nin istehsal etdiyi ekoloji təmiz məhsullardan, o cümlədən geniş çeşiddə şərablardan, biznesmenin İsmayıllı rayonundakı aqroklasterində yetişdirilən balıq məhsullarından və s. sifariş edə bilərlər.

“AzNar” QSC habelə qazlı və qazsız sular, qazlı içkilər və limonadlar istehsal edən sexi istifadəyə verib. Sexdə İtaliyanın bazarda lider hesab edilən “Ferrari” şirkətinin avadanlıqlarından istifadə edilib. Bu istehsal xəttinin yaradılması üçün 10 milyon manata yaxın investisiya qoyulub. Sexdə ən müasir təmizləmə texnologiyası əsasında “ARIA” bulaq suyu (İsmayıllı bulaqlarından götürülür) qablaşdırılır, su qablaşdırılmazdan əvvəl ultrabənövşəyi lampalar altında mikroorqanizmlərdən təmizlənir, əlavə olaraq ozonlaşdırılmaqla sterilizə edilir. Şirkət suyun keyfiyyətini ölçmək üçün gündəlik mikrobioloji analizlər aparır, bütün avadanlıqlar gigeyenik şərtlərdə çalışdırılır. Sexdə şirkətin yeni brendi olan “Bellissimo” limonadları da doldurulacaq.

 

“AzNar” zavodunun indiyədək üç nar qəbulu xətti fəaliyyət göstərirdisə hazırda şirə istehsalı üçün alma, heyva, yerkökü, çuğundur, üzüm qəbulu xətləri də yaradılıb.

“AzNar” şirkəti 15 il əvvəl şirə istehsalı müəssisəsi kimi fəaliyyətə başlayıb, “GRANTE” brendi altında ekoloji təmiz şirələri yerli və xarici bazarlara çıxarıb. Daha sonra müəssisə öz fəaliyyətini genişləndirərək digər içkilərin də istehsalına başlayıb. Bura “Grante” brendi altında müxtəlif şirələr və kompotlar, geniş çeşiddə şərablar, “Təmiz buz”, “Zəngəzur”, Zimoff” araqları da daxildir.

15 illik fəaliyyəti ərzində “AzNar” QSC meyvə şirələri istehsal edən mono-müəssisədən çoxprofilli istehsalat-xidmət blokuna çevrilib. Şirkətin bu günlərdə istifadəyə verdiyi yeni obyektlər onun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə daxil olması və sonrakı inkişafı üçün şərait yaradır. Şirkətdən verilən məlumatda deyilir ki, gələcəkdə bu bölgəyə yatırımları daha da artıraraq “AzNar” QSC-ni mərkəzi Göyçay olmaqla regional çoxprofilli klasterə çevirməyi nəzərdə tutulur. Şirkətin perspektiv fəaliyyət sahələrinə regional turizm biznesi, məqbul qiymətlərlə əhaliyə xidmət göstərəcək regional klinikanın, sağlamlıq mərkəzinin yaradılması, IT-mütəxəssislərinin və hazırda əmək bazarında qıtlığı hiss edilən peşəkar xidmət personalının hazırlanması üçün məktəblər açılması və s. daxildir. Məqsəd regionun sosial-iqtisadi inkişafına dəstək vermək, əlavə iş yerləri açmaq, məşğulluğa, infrastrukturun inkişafına dəstəyi artırmaqdır.

 

Qeyd edək ki, F.Əhmədov investisiyalarını əsasən regionlara yatırır. Biznesmenin investisiyaları hesabına İsmayıllı rayonu ərazisində çoxprofilli kənd təsərrüfatı kompleksi yaradılıb. Kompleksə balıqçılıq təsərrüfatı, üzüm bağları, arıçılıq, qoyunçuluq təsərrüfatları, İsmayıllının məşhur “Qızıləhmədi” almalarının yetişdiyi alma bağları və s. daxildir. “AzNar” QSC-nin törəmə müəssisəsi olan “Kənd” MMC tərəfindən idarə olunan bu aqroklaster İsmayıllı və ətraf rayonlardan olan yüzlərlə sakin üçün iş imkanı yaradıb.

P.S.Bu arada F.Əhmədovun Göyçayda yaratdığı yeni iş yerlərinin istifadəyə verilməsi Rusiya Gününə (iyunun 12-nə) təsadüf etdiyi üçün həmin gün eks-senatorun ünvanına qonşu ölkənin baş naziri Mixail Mişustindən və Təhlükəsizlik Şurasının sədrinin müavini, keçmiş prezident Dmitri Medvedyevdən təbrik məktubları daxil olub. Bu da F.Əhmədovun Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı xidmətlərinin və vaxtilə Rusiyanın ictimai-siyasi həyatındakı iştirakının yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Mənbə: virtualaz.org