Enerji auditorların reyestri yaradılacaq, məcburi enerji auditi keçiriləcək qeyri-yaşayış binaları müəyyənləşdiriləcək

Enerji auditorların reyestri yaradılacaq, məcburi enerji auditi keçiriləcək qeyri-yaşayış binaları müəyyənləşdiriləcək

Enerji auditoru enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi olan fiziki şəxs olacaq.

APA-nın məlumatına görə, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılacaq. Enerji auditi bu qanunda göstərilən hal istisna olmaqla, könüllü aparılacaq, enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunacaq.

Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Məcburi enerji auditi 3 ildən bir keçiriləcək. Məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilmir.

Enerji auditi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər (enerji auditorları) tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək. Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edəcək. Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirəcək. İixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Energetika və iqtisadi sahələrdə cinayət törətməyə görə məhkum edilmiş şəxslər enerji auditoru kimi fəaliyyət göstərə bilməz. Enerji auditorları və enerji auditi üzrə təşkilatlar məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin tabeliyində ola bilməz. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirir və müntəzəm olaraq yenilənməsini təmin edir:

- enerji auditi üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ünvanı;

- enerji auditorunun soyadı, adı, atasının adı və ünvanı;

- ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi;

ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.

Mənbə: apa.az