Neft daha nə qədər bahalaşa bilər?- “Artım olacaq, amma qiymət 50-60 dollara da enə bilər”

Neft daha nə qədər bahalaşa bilər?- “Artım olacaq, amma qiymət 50-60 dollara da enə bilər”

Peyvəndləmənin sürətlənməsi və epidemiya tədbirlərinin yumuşaldılması ilə iqtisadi artım bərpa olunur və neftə tələb artır. Bazar "aktyorları" neft qiymətlərinə dair proqnozlarını yuxarı istiqamətdə yeniləyirlər. Qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti "Citigroup", pandemiya tədbirlərinin yumuşaldılması ilə əlaqədar olaraq daha əvvəl təxirə salınan tələbin geri gəlməsinin təsirilə qlobal tələbdə yaşanan artımın Brent neftin qiymətini 80 dollar səviyyəsinə yüksəldə biləcəyini proqnozlaşdırır.

"Citigroup" analitikləri, Avqustda qlobal neft məhsulları tələbinin ən yüksək səviyyəyə çata biləcəyini qeyd ediblər. Analitiklər ABŞ-da maye yanacaq istehlakının təxminən gündəlik 1 milyon barel artacağını nəzərdə tuturlar. Hazırda Brent neftin qiymət 74 dollardan yüksəkdir və ilin əvvəlindən bu yana 42% artıb. Brent neftinin qiyməti sonuncu dəfə 2018-ci ilin oktyabr ayında 80 dolları görmüşdü. ABŞ-ın “Goldman Sachs” sərmayə bankı Brent markalı neftin qiymətinin 80 ABŞ dollarına, qlobal investisiya bankı "UBS" isə 78 dollara çagtacağını nəzərdə tutur.

Bəs neftdə ən yuxarı hədd nə qədər ola bilər? Məsələ ilə bağlı Cebhe.info- a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dünya bazarında neft qiymətlərinin dəyişməsi bir çox amillərlə bağlıdır:

"Yəni söhbət təkcə iqtisadi amillərdən getmir. Bir çox hallarda siyasi amillərin də neft qiymətlərinin formalaşmasında təsiri olur. Hələlik dünyadakı pozitiv dinamikanı nəzərə alaq, yəni dünyada vaksinləşmə artır. Bir çox ölkələrdə qadağalar götürülür. Səyahət qadağaları zəifləyir, səyahət imkanları çoxalır. Bu da neftə tələbatı həqiqi olaraq artırıb və neft qiymətlərinin yüksəlməsinin şahidi oluruq”.

Amma ekspert digər önəmli məqama diqqəti çəkib:

“Belə ki, neft qiymətlərinin yüksəlməsində süni amillərin də rolu var. Yəni OPEK+ ölkələri, yəni OPEK və Rusiya hasilatı bilərəkdən azaldır. Bunun hesabına təqribən 6 milyon barelə yaxın azalma var.Onun hesabına qiymətlər yüksəlir.Bir gün bu anlaşma başa çatmalıdır. Tarix olaraq gələn ilin 2022-ci ilin aprel ayını göstərirlər. Amma daha tez də ola bilər”.

İqtisadçı qeyd edib ki, gec- tez süni şəkildə hasilatın azalması yolu ilə qiymətin yüksəldilməsi praktikasına son veriləcək:

"Ona görə də neft qiymətləri yaxın müddətdə 80-85 dollara qədər arta bilər. Amma orta və uzaq prespektivdə neft qiymətlərinin yenidən 50 dollarlara qədər geri çəkilməsi ehtimalı da çox yüksəkdir. Çünki İranın bazara daxil olması müzakirə olunur. Liviyada, ABŞ- da hasilat artır. Qiymət yüksəldikcə, hasilatın artımı da müşahidə olunur. Yəni hasilat artdıqca, qiymətlərə basqılar da artacaq. Ona görə də düşünürəm ki, bu ilin sonuna qədər neft qiymətləti yüksələn trendlə gedə bilər. Amma İran bazara daxil olacaqsa və OPEC+ anlaşması sona çatacaqsa, neftin qiymətini yenidən 50-60 dollar koridoruna enməsi kifayət qədər real prespektiv kimi görünür".

Ülviyyə Ayzər qızı

Mənbə: cebhe.info