Quş qripi qayğıları: kafe-restoranlarda yoxlamalar aparılırmı?

Quş qripi qayğıları: kafe-restoranlarda yoxlamalar aparılırmı?

AQTA-dan əhaliyə çağırış və tövsiyələr

Hazırda dünyanın 54 ölkəsində quş qripi xəstəliyi davam etməkdədir. Ev quşları arasında xəstəlik alovlanmaları qeydə alınan, Azərbaycanla idxal əlaqəsi olan 44 ölkədən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bəs dönərxanalarda, restoran və kafelərdə istehlak olunan quş əti məhsullarına nəzarət nə yerdədir, qiş qripi təhlükəsi ilə bağlı burda yoxlamalar aparılırmı?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr və innovativ həllər şöbəsindən “Yeni Müsavat”a bildirilib ki, hazırda kafe və restoranlarda yoxlamaların aparılması bu prosedurlara aid deyil: “Sorğunuza cavab olaraq bildiririk ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) ”Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)" vasitəsilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam etmiş, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə etmişdir. WAHIS-in məlumatlarına əsasən, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam etməkdədir. Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdur. Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.

Qeyd olunanlar nəzərə alınmaqla Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu tərəfindən ölkə ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə xəstəliyə qarşı mütəmadi olaraq epizootoloji monitorinqlər keçirilir.

Monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasını, Salyan Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edir. Eyni zamanda həmin müddətdə Bakı şəhəri, Xaçmaz, Şabran, Siyəzən, Abşeron, Sabirabad, Haçıqabul, Lənkəran, Lerik, Beyləqan, Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Siyəzən, Zərdab, Xaçmaz, Ağcabədi, Qusar, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarıdakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək seroloji monitorinqlər aparılır".

Qurumdan o da bildirilib ki, köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin Azərbaycanda yayılma riskini artırır: “Vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:

- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;

- ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003-Çağrı Mərkəzi” və regional bölmələri, rayon baytarlıq idarələri və s.);

- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;

- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;

- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair".

Qeyd edək ki, Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib

Mənbə: cia.az