Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb

Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün tikilən kompleksdə işlər tamamlanıb

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün inşa olunan müasir kompleksdə son tamamlama işləri başa çatıb.

Naxçıvan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ölkəyə giriş istiqamətində 15 metr hündürlüyündə bayraq dirəyi quraşdırılıb, kompleksin girişində Azərbaycan və ingilis dillərində “Gömrük” sözləri yazılıb. Keçid zolaqları və dayanacaq yerləri üzrə asfalt örtük üzərində xətləmə və işarələmə işləri görülüb, abadlıq və yaşıllaşdırma işləri başa çatdırılıb.

Sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir. Kompleksin ümumi sahəsi 104 min kvadratmetrdir.

Rahat və sürətli keçidin təmin olunması məqsədilə giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılıb. 3 zolağın avtobus və minik nəqliyyat vasitələrinin, 1-i tranzit olmaqla, digər 2 zolağın yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolağın isə sürətli keçid üçün istifadəsi nəzərdə tutulub. Hərəkət zolaqları üzrə sərhədkeçmə vaxtının ölçülməsi sistemi, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün 36 kamera və hərəkəti tənzimləyən işıqforlar quraşdırılıb. Yük nəqliyyat vasitələrinin çəkilməsi üçün müvafiq hərəkət zolaqlarının üzərində 60 tonluq 2 tərəzi, həmçinin bütün hərəkət zolaqlarının üzərində radiasiya səviyyəsinin müəyyənləşdirilməsi üçün qurğular qoyulub.

Kompleksdə gömrük nəzarəti və rəsmiləşdirilməsi “Bir pəncərə” prinsipinə uyğun həyata keçiriləcək, “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunacaq. “Qırmızı kanal”a daxil olan minik nəqliyyat vasitələrinin yoxlanılması üçün 3 zolaqda maşınaltıbaxış sistemi qurulub. Sərnişin keçid zalında giriş və çıxış istiqamətlərinin hər birində “Qırmızı kanal”la bəyan edilməli olan yüklərin gömrük nəzarətindən keçirilməsi üçün 2 müasir rentgen-baxış qurğusu, həmçinin şəxslərin üzərinin təkrar yoxlanılması üçün “body-scan” qurğusu var. “Yaşıl kanal” buraxılış sistemindən, gömrük sərhədindən keçirilən əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli mallar olmayan sərnişinlər istifadə edəcək. Giriş və çıxış istiqamətlərində pasport nəzarəti 2-si Azərbaycan, 2-si xarici ölkə vətəndaşları üçün olmaqla, 4 məntəqədə həyata keçiriləcək. Sərnişin keçid zalında rüsumsuz ticarət mağazası və kafe fəaliyyət göstərəcək. Bütün rəsmiləşmə və keçid zallarında quraşdırılmış elektron bəyanetmə köşklərində gömrük qanunvericiliyi ilə bağlı məlumat almaq və Dövlət Gömrük Komitəsinin “234” informasiya-sorğu xidməti ilə birbaşa əlaqə yaratmaq imkanı var.

Anbarlarda yüklərin yoxlanılması üçün 3 rentgen-nəzarət qurğusu, yoxlama-baxış sistemləri bölməsində giriş istiqaməti üzrə yük və minik nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün 2 X-Ray tipli rentgen-nəzarət qurğusu quraşdırılıb. Kompleksdəki bütün rentgen-nəzarət və baxış qurğuları Almaniyanın “Smiths Dedection” şirkətinin istehsalıdır.

Gömrük nəzarəti zonasında yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə ölkəyə giriş istiqamətində avtonəqliyyat vasitələri üçün müasir dezinfeksiya baryeri, sərnişin zallarında hərarəti məsafədən ölçən termovizorlar quraşdırılıb, tibb məntəqəsi yaradılıb. Kompleksin ərazisində yüksək görüntü keyfiyyətinə malik olan 90 kameralıq videonəzarət sistemi qurulub.

Gömrük kompleksinin müasir standartlara cavab verən texniki nəzarət vasitələri ilə təmin olunması və yüksək iş şəraitinin yaradılması Naxçıvanın Qərbə açılan qapısı olan Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin işinin günün tələbləri səviyyəsində qurulmasına, xarici iqtisadi fəaliyyət iştirakçılarının, vətəndaşların və turistlərin rahatlığının təmin olunmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir.

Mənbə: azertag.az