Kredit faizlənin yüksək olması nəyin göstəricisidir?

Kredit faizlənin yüksək olması nəyin göstəricisidir?

"Monetar və makroprudensial stimullar, eləcə də dövlətin güzəştli proqramları kredit aktivliyini dəstəkləyir".

Bu barədə Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında yaydığı məlumatda deyilir.

Göstərilir ki, 5 ayda bank sistemi üzrə kredit portfeli 3.8%, o cümlədən biznes kreditləri 2.4% artıb:

"Bu dövrdə tikinti və bir sıra əlaqəli real sektor sahələrində iqtisadi fəallığa dəstək verən ipoteka kreditləri 7.2% artıb. İstehlak tələbinin fəallaşması fonunda istehlak kreditləri 5.1% artsa da pandemiyadan öncəki səviyyəni bərpa etməyib. Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Ötən iclasdan sonra dövlət qiymətli kağızlarının gəlirliyi azalıb, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməyib. Kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir".

Qeyd edək ki, bu gün Azərbaycan kredit faizlərinin ən yüksək olduğu ölkələrdən biri sayılır. Milli Məclisdə bu istiqamətdə müzakirələr zamanı bəzi millət vəkilləri də öz çıxışlarında bildirmişdi ki, bu gün ölkədə 25, hətta 35 faizlə kredit verən banklar var. Hətta ölkədə İslam bankçılığının tətbiqinin də vacibliyi vurğulanmışdı. Fakt odur ki, hələ də ölkədə kreditlər yüksək faizlə verilsə də, bu istiqamətdə ciddi bir dəyişiklik yoxdur.

Bu baradə iqtisadşı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Mərkəzi Bankın açıqlamasında iqtisadi canlanma, kreditlərə tələbat da artır, faizlər də yüksəlir kimi bir ifadə var və bu doğru yanaşma deyil:

"Mərkəzi Bankın izahı olmalıdır ki, nəyə görə, uçot dərəcəsini 6,25 faiz saxladığı halda, biznes kreditləri 20 faiz, istehlak kreditləri az qalsın 30 faizə yaxınlaşır. Mərkəzi Bank buna aydınlıq gətirməlidir. Dünyanın hansısa bir ölkəsində Mərkəzi Bankın uçot dərəcəsindən 3-5 dəfə çox kredit faizləri ola bilməz.

Bu onu göstərir ki, Mərkəzi Bank bank sistemində aktiv fəaliyyət göstərə bilmir. Onun təsir rıçaqları və mexanizmləri doğru qurulmayıb. Bank sektorunun özündə rəqabət mühiti yoxdur. Çünki ölkədə depozit və kredit bazarında 4-5 bank hegemonluğa malikdir. Yəni az qalsın, bütün əməliyyatların 75 faizi, 4-5 bankın üzərindədir. Bu isə onu deməyə əsas verir ki, bir inhisarçılıq meyilləri var və bank sektoru tam liberal deyil.

Tam rəqabətli mühit yaradıla bilməyib və nəticə etibarilə 4-5 bankın dominantlığı bütün bank sektoruna təsir edir. Onların faiz diqtəsinə əsasən digər banklar tərəfindən də təkrarlanmaq məcburiyyəti yaranır. Ona görə də ölkədə bank sisteminin hələ də zəif olduğu, dayanıqlı olmadığını, Mərkəzi Bankın da öz funksiyalarını normal yerinə yetirə, rəqabət mühiti yarada bilmədiyini açıq şəkildə söyləmək mümkündür və faiz dərəcələrinin yüksək olması bunun əyani sübutudur".

Ölkədə İslam Bankçılığının tətbiqinə gəldikdə, ekspert deyir ki, İslam bankçılığı bir qədər fərqlidir:

"Orada faiz anlayışı yox idi, ona görə də İslam Bankçılığı sayılır. Orada əsasən layihələrə ortaq olmaq prinsipidir. Hansısa bir ciddi layihə olursa və banklara kretidit üçün müraciət olunursa, banklar payçıya çevrilir. Əgər risk menecmenti buna icazə verirsə, bank rəhbərliyi bununla bağlı pozitiv düşünürsə ki, bu layihədən qazanc götürmək olar, o zaman həmin layihənin payçısına çevrilir.

Verdiyi krediti geri aldıqdan sonra da payçı olaraq qalır. Azərbaycanda bununla bağlı çox təəssüf ki, qanunvericilik bazası açıq, şəffaf deyil. Qanunvericilik bazasında bəzi boşluqlar var. Çünki Banklar haqqında qanunun özünün tələbləri var. İstənilən bank Azərbaycan ərazisində mütləq Banklar Assosiasiyasının üzvü olmalıdır. Üzvlük haqqı ödəməlidir, Mərkəzi Bankın qərarlarını yerinə yetirməlidir. Ancaq faizsiz işləyən banklarla bağlı qanunvericilikdə olan boşluqlar problemlər yarada bilər deyə, İslam Banklçılğı anlayışı Azərbaycanda hələ oturuşmayıb.

Yeri gəlmişkən, maraqlı odur ki, dünyada İslam Bankçılığının mərkəzi İslam ölkələri deyil, Londondur. Hazırda Böyük Britaniyada bankların bir çoxu bu prinsiplə fəaliyyət göstərir".

Nigar Abdullayeva

Mənbə: cebhe.info