Turizm sənayesi yenidən canlanır: Gələn ilə böyük ümidlər var

Turizm sənayesi yenidən canlanır: Gələn ilə böyük ümidlər var

“Turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə artıq canlanmanın başlanmasına ümidlər yaradır. İyun ayının 10-dan Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsində yumşalmaların həyata keçirilməsi, eyni zamanda növbəti 21 iyun tarixindən sonra ABŞ, Qətər, Macarıstan, İngiltərə və BƏƏ-ə reyslərin təşkili ondan xəbər verir ki, ilin sonuna qədər turizm sektorunu təqribən 30 % canlandıra bilərik. Düşünürəm ki, bu il bərpa işləri sürətlənsə vaksinləşmə prosesləri həyata keçirildikdən sonra 2022-ci ildən tam bərpa prosesinə başlamaq mümkün olar”.

Bu sözləri “Report”a açıqlamasında ölkədə turizmin mövcud vəziyyətindən danışan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, turizm üzrə ekspert Ruslan Quliyev deyib.

R.Quliyev turizmin bundan sonra da inkişafı üçün görülməli işlərə toxunub:

"Qarabağın işğaldan azad edilməsi də Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək"

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti

“Daxili turizmdə də imkanlarımız genişdir. Monitorinqlər göstərir ki, ölkədən çıxışa qoyulan məhdudiyyətlə daxili turizmdə istər cənub, istər şimal istiqamətlərdə intensivliyi artırıb. Paralel formada yenə də Azərbaycan vətəndaşlarının ənənəvi istiqamət olaraq Türkiyə, BƏƏ, Gürcüstan və Rusiyanın bir sıra kurort əyalətlərinə səfərləri üçün artıq ilkin sifarişlər gəlir. Bununla belə hələ turizm sektorunda görülməli işlər çoxdur. Biz kəmiyyət göstəricilərinin arxasınca getməməliyik. Hazırda yavaş-yavaş da olsa, böyüyən bir bazar var və burda keyfiyyətin rəqabəti getməlidir. Nəzərə alsaq ki, Gürcüstan da quru sərhədlərini açacaq, biz yenə də Gürcüstanla müqayisədə ilkin addımlarımızı atmalıyıq. Düşünürəm ki, artıq Azərbaycan, Gürcüstan və Türkiyə olaraq təhlükəsiz turizm koridorlarını yaratmaq olar. Bu sahədə qarşılıqlı vahid standartların tətbiq olunmasına böyük ehtiyac var. Gələcəkdə kadr hazırlığı məsələsi və dövlət-özəl sektor əməkdaşlığı genişləndirilməli, turizmə dəstək təşviq fondları yaradılmalı, maliyyə resurslarına çıxış imkanları, subsidiyalaşma genişləndirlməlidir”.

“Azərbaycanın iqlim şəraiti, coğrafi mövqeyi burda turizmin bütün növlərinin inkişafına imkan yaradır. Qarabağın işğaldan azad edilməsi də Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək. Balaxanı, Pirşağı, Ramana kimi kəndlərdə görülən işlər də turizm baxımından faydalı olacaq”, - deyə R.Quliyev əlavə edib.

Turizm üzrə ekspert Rəhman Quliyev də ölkədə turizmdə bir canlanma müşahidə olunduğunu bildirib:

"Bu gün Azərbaycanla sərhədləri tam bərpa etmək istəyən ölkələr daha çoxdur"

“Bir ildən çox müddətdə dünyada və Azərbaycanda turizm sənayesi tənəzzül halında oldu. Ölkələr arasında hava və quru yollarının bağlanması birbaşa turizmin süqutuna gətirib çıxardı. Bir neçə ay bundan öncə qismən ölkələr arasında gediş-gəliş bərpa olundu. Eyni zamanda pandemiyanın yayılması baxımından risksiz ölkələr Azərbaycanla əlaqə yaratdı. Azərbaycan az bir müddətdə dünyada riskli ölkə siyahısında oldu, sonra isə peşəkarcasına düşdüyü vəziyyətdən çıxmağı bacardı və pandemiyanın ölkəmizdə yayılması bir qədər səngidi. Bu baxımdan Azərbaycan dünya ölkələri arasında risksiz ölkələr siyahısına düşdü. Bu gün Azərbaycanla sərhədləri tam bərpa etmək istəyən ölkələr daha çoxdur. Hazırda 20-ə yaxın ölkəyə uçuşlar həyata keçirilir. Hal-hazırda Türkiyənin bölgələrinə edilən uçuşlar pandemiyadan əvvəlki sayda olmasa da, qismən bərpa olunub. Bu da turistlərin rahat gediş-gəlişinə şərait yaradır”.

Ekspert qeyd edib ki, bir çox reyslərin bərpası Azərbaycanla başqa ölkələr arasında turist mübadiləsini artıracaq:

“Azərbaycandan demək olar bütün istiqamətlərə uçuşlar həyata keçirilir. Həmin ərazilərə gedən təyyarə geri dönərkən də oranın vətəndaşlarını da ölkəmizə gətirir. Azərbaycana Türkiyə və Rusiyadan COVID-19 pasportu olan bir şəxs rahat şəkildə səyahət edə bilər. Bu həm adi vətəndaşlar, həm də iş adamları üçün keçərlidir. Bu isə tədricən turizmin reabilitasiyası deməkdir. Bu istiqamətdə görülən işlər birbaşa turist mübadiləsinin sürətləndirilməsinə təsir edən amillərdən olacaq. Qonşu ölkələr də pandemiya təhlükəsindən Azərbaycan kimi gözəl şəkildə çıxarsa, biz yaxın gələcəkdə Azərbaycana turist göndərmək istəyən ölkələrin siyahısını artıra bilərik”.

R.Quliyev hesab edir ki, aviaşirkətlər turizm şirkətləri ilə sıx əməkdaşlıq etməlidir:

“Xarici ölkələrə reyslər bərpa edildikcə aviaşirkətlərin turizm şirkətləri ilə əməkdaşlıq etmələri zəruridir. Azərbaycanda 50 mindən çox turizm şirkəti və onlarla əlaqəli çalışan müəssisələr var. Bu böyüklükdə sənayenin işini dayandırmaq olmaz və bu böyük işsizlik yaradar”.

“Pandemiyadan öncə Azərbaycana gələn turist sayını rekord həddə çatdırmışdıq. Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi, Azərbaycanın xarici ölkələrdə müxtəlif idman və musiqi yarışlarında təmsil edilməsi və digər addımlar gözəl bir təbliğat vasitələri idi. Hesab edirəm ki, yaxın gələcəkdə də Azərbaycan turizmi yenidən inkişaf edəcək. Biz bu reabilitasiyanın üzərində bir neçə il işləməliyik”, - deyə ekspert bildirib.

Mənbə: report.az