Yaponiyada yeni 500 yenlik sikkələr buraxılıb

Yaponiyada yeni 500 yenlik sikkələr buraxılıb

Yaponiya sikkəxanası saxta sikkələrin qarşısını almaq məqsədilə müasir texnologiyalar əsasında yeni 500 yenlik sikkələrin buraxılışına başlayıb.

AZƏRTAC xəbər verir ki, yeni sikkələrin təqdim olunması mərasimində Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso iştirak edib.

Nazir bildirib ki, sikkələrin və kağız pulların hazırlanmasında əsas məsələ onların həqiqiliyinə inamı qorumaqdır. Buna görə də onları elə hazırlamaq lazımdır ki, insanlar bu pulların həqiqiliyinə inansınlar.

Bildirilir ki, yeni sikkə 2000-ci ildə buraxılan əvvəlki sikkə ilə eyni ölçülərə və dizayna malikdir. Lakin əvvəlkindən fərqli olaraq iki rəngli olduğu və üç növ metaldan hazırlandığı qeyd edilir. Sikkəxananın nümayəndələrinin bildirdiyinə görə, yeni sikkənin hazırlanması zamanı bütün dünyada ilk dəfə bu texnologiyadan istifadə edilib.

Yaponiya Milli Polis İdarəsinin yaydığı məlumatda isə bildirilir ki, ötən il ölkədə ümumilikdə 188 ədəd saxta 500 yenlik sikkə aşkar edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az