Toy “tıxac”ı BAŞLANDI - “250 qonağı da qəbul edə bilərik”

Toy “tıxac”ı BAŞLANDI - “250 qonağı da qəbul edə bilərik”

Xəbər verildiyi kimi iyulun 1-dən etibarən toy, nişan, xınayaxtı və digər ziyafətlərin keçirilməsinə rəsmən icazə verildi.
Şad xəbəri eşidən şadlıq sarayları qiymətləri artırıblar.
Onların təqdim etdiyi yeməyin qiyməti maya dəyərindən fərqli olaraq 10 dəfə baha qiymətə təklif olunur. Buna səbəb iki ildir fəaliyyət göstərməyən restoran və şadlıq saraylarının bu itkiləri kompensasiya etmələridir. İllərdir ertələnən və şad gününü nəhayət ki, keçirmək istəyənlər qiymət artımından narahatdırlar. Bununla bağlı saytımıza bir neçə toy sahibi müraciət edib.
Dediklərinə görə üz tutduqları şadlıq saraylarının yeməklə bağlı qiymət təklifləri onları qane etməyib.
Üstəlik qiymət qarşılığında toy sifarişi edənlərə böyük həcmli mərasim zalları təklif olunmayıb. Ciblərinə uyğun olmayan bu təklif səbəbindən isə bəzi müştərilər şad gününü adi qaydada, ev şəraitində keçirmək qərarı veriblər. Təbii ki, təntənəli və dəbdəbəli toy, düyün etmək istəyənlər də az deyil.
Bizim.Media paytaxtın bəzi şadlıq sarayları ilə sorğu keçirib.
Məlum olub ki, Nazirlər Kabinetinin məlum qərarından sonra toy, ziyafət və nişan mərasimləri ilə bağlı sifarişlərin sayı çoxalıb. Toy etmək istəyənlər növbəyə düzüldüyündən, bəzi restoranlarda hətta yer yoxdur.
Təklif edilən qiymətlər isə ceyran belində...
“Movida Plaza”dan bildirilib ki, 350 nəfərlik “Avropa” zalında 120-150 nəfərlik toy etmək mümkündür. 1 nəfərlik masanın qiyməti 45 manatdan başlayır və artan qiymətlə davam edir:
“Masamızın qiyməti 45 manatdan başlayır. Zalın diazaynı adam sayına görə qurulur. Peyvənd pasportunun və ya adın portala daxil edilməsi ilə bağlı tələb var. Bu barədə detallı məlumat iyunun 26-sı məlum olacaq”, deyə restoran administratoru qeyd edib.
“Neptun Saray”ın adminstratorunun dediyinə görə toy sifarişi edənlər o qədər çoxalıb ki, restoranda boş gün tapılmır:
“İndi həftə arası günlərə belə fikir verən yoxdur. Sifarişlərimiz o qədər dolub ki, 126 toyumuz havada qalıb. Öldürürlər məni ki, yer elə, yazaq. Bir masanın qiyməti 50-60 və 70 manatdır. 120-150 nəfərlik toy bizə sərf eləmir. Ən kiçik zalımız 550 nəfərlikdir. 120 nəfər isə çox azdır. Zalda işıq yananda pul eyni çıxır. Yəni zalda 500 nəfər də, 100 nəfər də olsa, eyni pul gedir. Musiqiçilərə, işçilərə eyni pulu verirəm. Əgər 120-dən çox qonağınız varsa, problem yoxdur, 200, hətta 250 nəfərlə də edə bilirəm. Sizin qaydalarla nə işiniz var, biz həll edərik. Qonağınız varsa, gəlin danışaq” deyə şadlıq sarayının rəsmisi rahatlıqla cavab verib.
“Cıdır düzü”ndən bir nəfərlik masanın qiymətinin 60 manatdan başlandığı deyilib. Restoran rəsmisi qeyd edib ki, istər böyük, istərsə də kiçik zallarda 150 nəfər yaxın qonaqları yerləşdirmək mümkündür.
“Şahənşah” restoranın rəsmisi masa qiymətlərinin bahalaşdığını etiraf edib. O, deyib ki, qiymətlərin artmasına az nəfərlə bağlı qoyulan qərar səbəb olub:
“Say məsələsinə görə qiymətlər qalxıb. Bir nəfərlik masamız 60 manatdan başlayır. Düzünü desəm 150 nəfərlik toy edənlər üçün kiçik zallarımız yoxdur. Böyük zallarda edirik, amma əlbəttə ki, qiymətə təsir edir”.
Bəzi şadlıq saraylarının sahibləri onu da əlavə edib ki, menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür.
Qeyd edək ki, pandemiya ilə əlaqədər ötən ilin mart ayının 13-dən etibarən ölkədə kütləvi toy, nişan və ad günlərinin keçirilməsi qadağan edilib. 1 il 3 aydan sonra nəhayət bu qərar ləğv olunub.

Mənbə: teref.az