İydəyarpaq qaragilənin ilk dəfə yeni yayılma sahəsi aşkarlanıb

İydəyarpaq qaragilənin ilk dəfə yeni yayılma sahəsi aşkarlanıb

 

Bakı, 13 iyul, AZƏRTAC

AMEA Dendrologiya İnstitutu Sistematika laboratoriyasının əməkdaşları Mərdəkan - Hava limanı - Binə -Zığ - Günəşli - Əhmədli ərazilərində ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı 170 fitosenozun tərkibi və quruluşu təsvir olunub. “Abşeron florasının taksonomik spektri”nə salınmamış 30 bitki növü müəyyən edilib. Badımcançiçəkkimilər - Solanaceae L. fəsiləsindən olan İydəyarpaq qaragilə - Solanum elaeagnifolium Cav. bitkisinin ilk dəfə yeni yayılma sahəsi aşkarlanıb. Gözəl görünüşü olan bu bitkiyə Zığ qəsəbəsində - Zığ şosesi 125-də yolun sağ kənarında rast gəlinib.

İydəyarpaq qaragilənin həmin ərazidə 4 yeni assosiasiyası da aşkar edilərək növ tərkibi və quruluşu öyrənilib. Yeni assosiasiyaların dominantları gürcü güləvəri, adi dəvətikanı və digər növlərdir. Qeyd olunan fitosenozların tərkibində qırtıclar, qısaömürlü efemer və efemeroidlər bol təmsil olunur.

Bitkinin Zığ qəsəbəsindəki yayılma arealı və qeyd olunan senozları Azərbaycan və Qafqaz üçün yenidir. Bol çiçəklərinə, xarici görünüşünə görə bitkinin yaşıllaşdırma və bəzək-bərpa işlərində geniş tətbiq olunması tövsiyə edilir.

Tədqiqat zamanı 343 foto çəkilib, 51 herbari nümunələri fonda əlavə edilib.

Mənbə: azertag.az