Şuşaya dəmiryolu çəkilir:“Xankəndiyə gedən yolun bir hissəsi.."

Şuşaya dəmiryolu çəkilir:“Xankəndiyə gedən yolun bir hissəsi.."

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparıldığını deyib. Onun sözlərinə görə, layihələndirmə işlərini Türkiyə şirkət həyata keçirir.

“Ora dağlıq ərazidir, həmçinin orada tunellər çoxdur. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib. Ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq”, - deyə C.Qurbanov qeyd edib.

ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə “Sherg.az”a danışdı. O, layihənin iqtisadi əhəmiyyətindən söz açdı:

“Hazırda Qarabağda infrastukturun bərpası məqsədilə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də məhz Şuşaya dəmiryolunun çəkilməsidir. Şuşaya dəmiryolunun çəkilməsi burada turizmin inkişafına töhfə verəcək. Şübhəsiz ki, Şuşa gələcəkdə turizm mərkəzlərindən birinə çevriləcək”.

N.Cəfərli sözügedən məsələnin siyasi tərəflərinə də toxundu:

“Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də strateji əhəmiyyətli yerdir. Bu nöqteyi-nəzərdən çəkilən dəmiryolu təchizatın təmin edilməsi, təhlükəsizlik baxımından mühüm rol oynayacaq. Həmçinin bu dəmiryolunun çəkilməsi Xankəndiyə gedən yolun bir hissəsinə çevriləcək. Əminəm ki, Xankəndidə Azərbaycanın suverenliyi bərpa olunacaq. Bax, o zaman bu dəmiryolunun əhəmiyyəti bir az da artacaq”.

Mənbə: sherg.az