UTECA-nın Tərəfdaşlar və Himayədarlar Şurasının ilk iclası keçirilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Azərbaycan Texnologiya Universitetinin (UTECA) Tərəfdaşlar və Himayədarlar Şurasının ilk iclası keçirilib.

UTECA-dan AZƏRTAC-a bildirilib ki, iclasda universitetin rektoru Akif Süleymanov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TUİB) idarə heyətinin sədri Hüseyin Büyükfırat, İnkişaf Korporasiyasının icraçı direktoru Vüsal Qasımov və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari iştirak ediblər.

Azərbaycan Texnologiya Universitetinin tarixi haqqında danışan rektor Akif Süleymanov universitetin 1970-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmasını qeyd edib. O, universitetin ölkəmizdə yeyinti, yüngül sənaye, metallurgiya və digər sahələrdə kadr hazırlığı prosesində əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Rektor Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş rayonlarda yaradılacaq yeni istehsal müəssisələrinin peşəkar mütəxəssislərlə təmin olunmasına və qeyri-neft sektorunun inkişafına universitetin də mühüm töhfə verə biləcəyini diqqətə çatdırıb.

Tərəfdaşlar və Himayədarlar Şurasının yaradılması qərarı və məqsədi haqqında ətraflı məlumat verən A.Süleymanov Şuranın fəaliyyətinin həm universitetin inkişafında, həm də Şura üzvü olan müəssisələr üçün qarşılıqlı səmərə baxımından faydalı olacağını vurğulayıb.

Daha sonra Şura üzvləri çıxış edərək, universitet-sənaye əməkdaşlığının peşəkar mütəxəssislərin yetişdirilməsində, müəssisələrin kadr təminatında çox mühüm rol oynayacağını bildiriblər.

Şuranın Əsasnaməsi müzakirə edilib və səsləndirilən təkliflər nəzərə alınaraq qəbul edilib. TÜİB sədri Hüseyin Büyükfırat səs çoxluğu ilə Şuranın sədri seçilib.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb (FOTO)

SONRAKI XƏBƏR

Külli miqdarda dələduzluqda ittiham olunan şəxsə hökm oxundu