Türkiyədən 1 milyardlıq ağac meşə məhsulları gətiriləcək

Türkiyədən 1 milyardlıq ağac meşə məhsulları gətiriləcək

Vüqar Bayramov: "İşğaldan azad olunmuş ərazilərimizdə daha çox əkinçilik və meyvəçiliyin inkişaf etdirilməsi nəzərdə tutulur"

Türkiyə 2023-cü ilə qədər Azərbaycana ağac meşə məhsulları ixrac dəyərini 1,05 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Bu barədə qonşu ölkənin İstanbul şəhərində fəaliyyət göstərən Mebel, Kağız və Meşə Məhsulları İxracatçıları Birliyinin hesabatında bildirilir. Maraqlıdır, həmin ağac məhsulları hansı bölgələrimizdə əkiləcək?

Sualımızı cavablandıran Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə təcrübəsindən istifadə edilməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişaf etdirilməsi həyata keçiriləcək. O qeyd edib ki, Türkiyə kənd təsərrüfatının inkişafına görə bütövlükdə bölgədə seçilən ölkələrdən biridir:

"Türkiyənin xüsusən ixrac qabiliyyətinin böyük olması bu sahədə yenilikləri tədqiq edir. Bununla da işğaldan azad olunan ərazilərimizdə Türkiyə şirkətlərinin daha yaxından iştirakı və onların imkanlarından istifadə ölkəmiz üçün də yeni imkanlar yaradır. Bu baxımdan da qardaş ölkə ilə əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatının inkişafına xüsusi təkan verəcək".

V.Bayramov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə daha çox əkinçilik və meyvəçiliyin inkişaf etdirilməsi nəzərdə tutulur:

"Artıq işğaldan azad olunmuş ərazilərimizdə aqrar kənd təsərrüfatında əməkdaşlıqla bağlı razılıq əldə olunub. Bütövlükdə aqrar sektor üzrə emaledici məhsulların növbəti mərhələdə istehsalı və onların bazara çıxarılması da hədəfdədir. O baxımdan Türkiyə ilə əməkdaşlıq nəticədə imkan verəcək ki, işğaldan azad olunmuş ərazilərimizdə yetişdirilən və istehsal edilən kənd təsərrüfatı məhsulları ölkədə aqrar məhsullara olan tələbin ödənilməsində xüsusi paya malik olsun. Bunun sayəsində Azərbaycanın aqrar ixrac imkanları daha da genişlənəcək. Bu, Azərbaycanda kənd təsərrüfatına ixracın, daha çox valyutanın daxil olmasına imkan verəcək. O baxımdan Türkiyə-Azərbaycan arasında işğaldan azad olunmuş ərazilərimizdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın həm daxili tələbin ödənilməsinə, həm də Azərbaycan ixrac imkanlarının genişləndirilməsinə imkan verəcək. Bu da təbii ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün vacib layihələrdən biridir".

Mənbə: sherg.az