6 ayda 354 milyon manat xalis gəlir əldə etsələr də, banklar kredit faizlərini salmır...

6 ayda 354 milyon manat xalis gəlir əldə etsələr də, banklar kredit faizlərini salmır...

Rəsul Cahangirli: “Xalis mənfəət artırsa, o zaman banklar kredit faizlərini aşağı salmağa borcludular”

Azərbaycandakı 26 bankdan 22-si 2021-ci ilin 1-ci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb. Məlum olub ki, 2021-ci ilin 1-ci yarısını maliyyə göstəricilərini açıqlamış 22 bankın 19-u xalis mənfəət ilə, 3-ü xalis zərər ilə başa vurub. İyul ayının sonunadək digər bankların da maliyyə göstəricilərini açıqlayacağı gözlənilir.

O da məlum olub ki, bu müddət ərzində sözügedən banklar 354 milyon xalis mənfəət əldə ediblər. Bunun çox ciddi rəqəm olmağına rəğmən, banklar yenə də kredit şərtlərini yumuşaltmır. Yüksək faizlə alınan krediti bir gün gecikdirən kimi bankdan xəbərdarlıq gəlir, müşdərilərin adn qara siyahıya salınır. Yüksək kredid faizləri ilə bağlı bankların bir bəhanəsi də o idi ki, zərərlə işləyirlər. O səbəbdən faizləri aşağı salmaq mümkün deyil. Belə idisə, o zaman bəs indi faizlər aşağı salınmır. Altı ayın yekunlarına görə ortada 354 milyon manat xalis mənfəət var. O zaman bəs indi banklara kim mane olur?

“Real sektorun canlanması baxımından faizlərin düşməsi vacibdir”

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, ölkədə kredit faizlərinin azalması bir çox aspektlərdən vacib məsələdir: “Çünki bu, istehlakçıların kreditə çıxışını asanlaşdırır. Faizlərin aşağı düşməsi digər tərəfdən, real sektorun canlanması baxımından vacibdir. Nəzərə almaq lazımdır ki, pandemiya ölkə iqtisadiyyatına, sahibkarlara, əhalinin digər təbəqələrinə ciddi mənfi təsir göstərib. O baxımdan real sektorun canlanması baxımından faizlərin düşməsi vacibdir. Faizlərin azalması üçün ölkədə zəmin var. Depozit faizləri və Mərkəzi Bankın uçot dərəcəsi aşağıdır. Yüksək kredit faizləri kreditin qaytarılmasında çətinlik yaradır. Banklar isə kredit faizlərini aşağı salmamaqdan ötrü müxtəlif əsasız arqumentlərlə çıxış edirlər. Bankların maliyyə resursları müxtəlif mənbələr hesabına formalaşır. Bunlardan biri də əmanətçilərdən cəlb etdikləri vəsaitlərdir. Azərbaycanda bir sıra bankların maliyyə resurslarının böyük hissəsini əmanətçilərdən cəlb olunan depozitlər təşkil edir. Ancaq bu amili nəzərə alıb faizləri aşağı salmırlar. Niyə? Ona görə ki, bunu istəmirlər. Bu minvalla əhalini daha çox soyurlar. Xalis mənfəət artırsa, o zaman banklar kredit faizlərini aşağı salmağa borcludular. Digər tərəfdən, qanunla banklar vətəndaşın rəsmi gəlirinə uyğun olaraq, ona kredit verməlidirlər. Ancaq Azərbaycanda banklar rəsmi gəliri olmayanlara, kölgə iqtisadiyyatı hesabına gəlir əldə edənlərə kredit verirlər. Məqsəd hər vasitə ilə tez və daha çox faizlər hesabına qazanmaqdır. Ona görə də hesab edirəm ki, ölkəyə xarici və daxili mənbələr hesabına ucuz kredit resurslarının daxil olması təmin edilsə, faizlər aşağı düşəcək”.

Ekspertin fikrincə, belə olarsa, o zaman banklar kredit faizlərini aşağı salmağa məcbur olacaqlar.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com