Çin xaricə 700 milyon doza COVID-19 peyvəndi ixrac edib

Çin xaricə 700 milyon doza COVID-19 peyvəndi ixrac edib

Pekin, 30 iyul, AZƏRTAC

Çin indiyədək təxminən 100 ölkəyə, ümumilikdə 700 milyon doza COVID-19 peyvəndi təqdim edib.

AZƏRTAC Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, xaricə göndərilən vaksinlərin əsas hissəsi 50-dən çox ölkəyə kommersiya prinsipi əsasında ixrac olunub. Müəyyən miqdarda vaksin isə Çin dövləti tərəfindən 80 ölkəyə yardım kimi təqdim olunub.

Bildirilir ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıb. Bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da start verilib. Xaricə göndərilən peyvəndlər “Sinovac” və “Sinopharm” şirkətlərinin istehsalı olan vaksinlərdir.

Qeyd edək ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə vurulan peyvəndin miqdarı 1 milyard 600 milyon dozanı ötüb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir. Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az