Meksika körfəzindəki qasırğa neft bazarına təsir edib

Meksika körfəzindəki qasırğa neft bazarına təsir edib

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti artıb.

APA TV-nin məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,64 ABŞ dolları və ya 3,7% artaraq 73,96 dollar təşkil edib.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədovun sözlərinə görə, bu ilin əvvəlindən neftin qiymətində 50 faizə qədər artım qeydə alınıb. Bir müddət öncə bu temp aşağı düşsə də, hazırda yenidən artım müşahidə olunur.

Bəs dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb nədir? İbrahim Əhmədov buna müxtəlif amillərin səbəb olduğun deyir: “İlin əvvəlindən peyvəndlənmə, yəni vaksinasiya prosesinin inkişafı dünyada gələcək iqtisadi inkişafla bağlı bir nikbinlik yaratmışdır. Yəni güman elədilər ki, insanlar peyvənd olunduğu üçün yoluxma azalacaq, qapanmalara gərək qalmayacaq. İnsanlar normal həyata, normal nəqliyyat vasitələrindən istifadəyə qayıda bilərlər. İlkin mərhələdə biz bunu müşahidə edirdik, sonradan isə müəyyən ləngimələr oldu. Yeni delta ştammı əmələ gəldi və bu daha dayanıqlıdır. Bu isə gələcək barəsində yenidən bədbinlik yaranmasına səbəb oldu. Mənim fikrimcə neftin qiyməti bu ildə 55-70 faiz arası dəyişəcək”.

İbrahim Əhmədovun sözlərinə görə, neftin qiymətinin müəyyən qədər aşağı düşə biləcəyi istisna deyil. Lakin qiymətlərdə kəskin azalma olacağı gözlənilmir. OPEC Plus təşəbbüsünün olması bu işdə xüsusi əhəmiyyət daşıyır. Belə ki, neftin qiyməti ilə bağlı hər hansı dalğalanma olarsa OPEC Plus öz təklifini ona uyğunlaşdırır: “Hazırda OPEC Plus tədricən hasilatını artırmaqdadır. Çünki tələbat kifayət qədər artmağa meyllidir. Əgər tələbat birdən-birə çökərsə o zaman OPEC Plusa qoşulan ölkələr çox güman ki, keçmişdə olduğu kimi öz hasilatını yenidən məhdudlaşdıra bilərlər və bununla da neftin qiymətini özləri üçün məqbul bir səviyyədə saxlayarlar. Düşünürəm ki, 50 dolların üzərində olan səviyyə çoxları üçün məqbul sayıla bilər. Bu gün neftin qiyməti 60, 70 dollar arası inkişaf edirsə bu Azərbaycan üçün əlavə qazanc deməkdir. Gələcəkdə neftin qiyməti düşərsə bu qazanc Azərbaycan üçün əlavə bir yastıq deməkdir”.

İbrahim Əhmədov həmçinin neftin qiymətinin artmasına səbəb olan müvəqqəti faktorlarında olduğun deyir. Belə ki, Meksika körfəzində baş verən qasırğa səbəbindən hasilat demək olar ki, dayanıb. Həmçinin Çin hökumətinin özəl şirkətlərə yenidən daha çox neft idxal etmək imkanı yaratması qiymətin artmasına zəmin yaradıb.

Xələf Xələfov,

Faiq Həsənov

Mənbə: apa.az