Ruslan Əliyev: "Azərbaycan toxuculuq məhsulları Rusiyada geniş rəğbət görür"

Ruslan Əliyev: "Azərbaycan toxuculuq məhsulları Rusiyada geniş rəğbət görür"

Rusiyanın paytaxtı Moskvada nüfuzlu “Heimtextile-2021” beynəlxalq ev tekstili, daxili tərtibat parçaları və bəzək materialları sərgisi açılıb.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev “Report”un Rusiya bürosuna Azərbaycan toxuculuq məhsullarının Rusiya bazarındakı şansları, iki ölkə arasında sözügedən sahədəki əməkdaşlıq barədə fikirlərini bölüşüb.

- Azərbaycanla Rusiya arasındakı iqtisadi-ticari əlaqələri necə dəyərləndirərdiniz?

- Məncə, ikitərəfli əlaqələr artmağa doğru gedir. Əlbəttə, bu inkişafı dayandırmış pandemiyanı nəzərə almasaq. Bütövlükdə isə Azərbaycanın Rusiyaya ixracatının, ticarət dövriyəsinin ilbəil artdığı göz qabağındadır. Son bir neçə ay ərzində isə əvvəlki göstəricilərə, mövqelərə qayıtdığımız müşahidə olunur.

- Bəs ixrac-idxal əməliyyatlarının ən işlək sahələri hansılardır?

- Ənənəvi olaraq, yəni hələ Sovet dövründən bizim meyvə-tərəvəz məhsullarımızın Rusiyaya ixrac olunması geniş vüsət alıb. Həmçinin bugünkü tədbiri də misal çəkə bilərəm. Azərbaycan “Heimtextile” sərgisində ilk dəfədir iştirak edir. Bununla yanaşı, əl işi məmulatları istehsal edən “Azərxalça” dövlət konserninin bu sərgidə iştirak etməsini xüsusi vurğulamaq istərdim. Bu xalçalar əsl sənət əsəridir.

- Azərbaycanın xalça və toxuculuq məmulatlarının ixracatında Rusiyanın payı nə qədərdir?

- Rusiya bazarına indi-indi daxil olduğumuz üçün bunu söyləmək bir qədər çətindir. Lakin məhsullarımız Rusiya idxalatçıları tərəfindən geniş rəğbətlə qarşılanıb, hazırda danışıqlar aparılır, hətta müqavilələr də imzalanır. Məncə, perspektivlərimiz çox yaxşıdır. Amma hər halda söz sahibi rusiyalı istehlakçıdır. Bizim nə qədər keyfiyyətli məhsul istehsal etməyimizi Azərbaycan məhsullarının Rusiyada satış həcmi göstərəcək.

Mənbə: report.az