Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa niyə ləğv olunmur?

Həftəsonu ictimai nəqliyyata qoyulan qadağa niyə ləğv olunmur?

Avqustun 18-də qərar çıxarıldı ki, Azərbaycanda həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti noyabrın 1-i saat 06:00-dək uzadılır.

İctimai nəqliyyatın şənbə və bazar günləri işləməməsi öncələr belə deməyə əsas verirdi ki, bütün bu məhdudiyyətlərin əsas hədəfi şəhərdəki sıxlığın qarşısını almaqla yoluxma sayında azalmanı təmin etməkdir. Lakin vaksinasiya, yoluxmanın artma tempi, eyni zamanda, yeni tədris ilinin ənənəvi üsulla təşkili qadağalarla bağlı fikir ayrılıqlarını yenidən gücləndirdi. Axı uzaq məsafələri qət edən hər kəsin şəxsi avtomobili bir yana, heç taksiyə verəcək pulu da yoxdur...

 

Haqqında öncələr də süjet hazırladığımız yeni tədris ilində gediş-gəliş problemini nəzərə alıb, həftəsonu qadağası ilə bağlı noyabradək hansısa müsbət dəyişikliyin olub olmayacağını aidiyyatı qurumlarla dəqiqləşdirməyə çalışdıq. Əvvəlcə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə zəng etsək də, bizə verilən cavab qənaətbəxş olmadı. Agentliyin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev qısa şəkildə bildirdi ki, problemin BNA ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Təxminən eyni cavabın daha rəsmi formasını Bakı Metropolitenindən də eşitdik. Operativ Qərargahın tapşırıqlarına ciddi əməl olunduğunu deyən mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə...

 

Bakı Metropoliteni və BNA-dan aldığımız cavabların ardınca Operativ Qərargahın mətbuat xidməti ilə əlaqə yaratdıq. İstər yeni tədris ili, istərsə də vaksinasiya kimi məsələlərin kölgəsinə çevrilən şənbə-bazar probleminə aydınlıq gətirmək isə yenə də mümkün olmadı. OQ-un mətbuat katibi İbrahim Məmmədov an etibarilə bütün bu suallara heç bir cavabının olmadığını bildirdi. Bəs görəsən bu suallar həqiqətən göründüyü qədər çətindirmi? Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qadağaların effektivliyindən narazıdır. Onun fikrincə, həftə sonları ictimai nəqliyyatın yerini mikroavtobuslar və alternativsizlikdən sui-istifadə edib qiymətləri qaldıran taksi sürücüləri əvəz edirsə, qadağanın yoluxma sayına təsir etdiyi məntiqli görünmür.

 

Onun fikrincə, həftəsonu və həftəiçi yoluxma nisbəti o qədər də fərqlənmədiyi üçün karantin qaydalarına riayətlə bağlı şərtlərdə dəyişiklik etməklə ictimai nəqliyyatın fəaliyyətini bərpa etmək mümkündür.

 

 

Mir Çingiz Ağazadə

Samir Qaragözov

APA TV

 

Mənbə: apa.az