Bu il 5 yaşayış məntəqəsi və 25 yeni yaşayış massivi qazlaşdırılıb

Bakı. Samir Əli - Trend:

2021-ci ilin 8 ayında Respublika ərazisində 5 yaşayış məntəqəsi və 25 yeni yaşayış massivi qazlaşdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib.

O bildirib ki, qazlaşdırılma işləri aparılan ərazilər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Goranboy, Bərdə, Beyləqan, Şəmkir, Qax, Salyan, Sabirabad, Füzuli, Neftçala, Yardımlı, İmişli, Gədəbəy və Ağcabədi rayonlarını əhatə edib:

"Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublika ərazisində yaşayış məskənlərinin qazlaşdırılması və qaz təchizatının yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İB tərəfindən yeni qaz xətlərinin çəkilməsi və mövcud qaz təchizatı şəbəkəsinin əsaslı təmiri işləri davam etdirilir. Ərazilərin qazlaşdırılması üçün cari ildə ümumən 213 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib".

Onun sözlərinə görə, hazırda Bakı şəhərində, Abşeron, Cəlilabad, İmişli, Yardımlı, Lerik, Şamaxı, İsmayıllı, Siyəzən, Quba, Qax, Ağdaş və Füzuli rayonlarında yeni paylayıcı qaz xətlərinin çəkilməsi işləri aparılır:

"Daxil olan müraciətlər əsasında şəhid ailələrinin və qazilərin fərdi yaşayış evlərinin “Azəriqaz” İB-nin daxili imkanları hesabına qazlaşdlması işləri xüsusi diqqət mərkəzində saxlanılıb. Yeni paylayıcı qaz xətlərinin çəkilməsi işləri tamamlandıqdan sonra vətəndaşlar tərəfindən fərdi qazlaşma qaydalarına uyğun olaraq mənzildaxili qaz xətlərinin çəkilməsi işləri həyata keçirilə biləcək. Bundan əlavə olaraq istehlakçıların qaz təchizatının yaxşılaşdıırlması məqsədilə cari ilin ötən dövründə Respublikanın müxtəlif bölgələrində ümumən 274 km uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yenilənməsi işləri də aparılıb".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Medvedev öskürür, Lavrov və Şoyqu yoxdur, Putin təcrid olunub – RUSİYANIN REAL SİYASİ MƏNZƏRƏSİ

SONRAKI XƏBƏR

Xaçmazda 60 yaşlı kişi dənizdə boğulub