Azərbaycanda investisiya xidmətləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi Mərkəzi Bankın İdarə Heyətinin 31.08.2021-ci il tarixli Qərarı ilə “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” və “Marja ticarəti Qaydası” təsdiq edilmiş və 16.09.2021-ci il tarixindən qüvvəyə minmişdir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda həmçinin bildriilir ki, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən müştərilərlə elektron qaydada müqavilənin bağlanması və müştəri hesablarının (depo hesabı və marja hesabı) məsafədən açılması imkanı yaradılmışdır. Qaydada qiymətli kağızların yerləşdirilməsi üzrə anderraytinq xidmətinin birdən artıq investisiya şirkəti tərəfindən birgə təklif edilməsi imkanı müəyyən edilmişdir. Bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcəkdir. Həmçinin, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və digər investisiya xidmətlərinə dair tələblər beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilmişdir.

“Marja ticarəti Qaydası”na edilmiş dəyişikliklərə əsasən fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə peşəkar və institusional investorlara dair kredit hədlərinə yenidən baxılmış, peşəkar investorlar üzrə tələblər təkmilləşdirilmiş, adi investorlar üzrə isə kredit hədləri beynəlxalq standartlara uyğun olaraq fərq müqavilələrinin volatilliyi nəzərə alınmaqla differensiallaşdırılmışdır. Qaydada həmçinin foreks əməliyyatları üzrə investisiya şirkətlərinə dair informasiya texnologiyaları üzrə tələblər, investorların hüquqlarının müdafiəsi və risklərə dair məlumatlandırılması ilə bağlı mexanizmlər müəyyən edilmişdir.

Qaydalarla aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

http://www.e-qanun.az/framework/48233

http://www.e-qanun.az/framework/48234

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qəbələdə 20 yaşlı oğlan faciəvi şəkildə öldü

SONRAKI XƏBƏR

Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb