İlin sonunadək 100 milyon peyvənd dozası istifadəyə yararsız hala düşə bilər

Cenevrə, 22 sentyabr, AZƏRTAC

Koronavirus pandemiyasına qarşı mübarizədə dünyanın bir sıra ölkələrində peyvənd dozalarına böyük ehtiyac olduğu halda, inkişaf etmiş ölkələr əhalinin tələbatından artıq miqdarda peyvəndi anbarlarda saxlayır. Bu ilin sonunadək dünyada koronavirus əleyhinə 100 milyon peyvənd dozasının saxlanma müddəti başa çatacaq.

AZƏRTAC xəbər verir ki, məlumatların analizi üzrə ixtisaslaşmış “Airfinity“ şirkətinin məlumatına görə, ən qısa zamanda həmin kontingent tələbat olan yerlərə yönəldilməsə, böyük həcmdə peyvənd ehtiyatı yararsız hala düşəcək. Qeyd edilib ki, istifadə edilməyən peyvənd dozalarının təxminən 40 faizi Avropa İttifaqı ölkələrindədir. Buna səbəb kimi yay aylarında yoluxma hallarının azalması fonunda əhalinin vaksinasiya kampaniyasında iştiraka meylli olmaması, tələbatdan artıq peyvəndin alınması və həmçinin peyvənd inkarçılarının aktiv fəaliyyəti göstərilir.

Peyvənd dozalarını idxal etdikdən sonra əksər ölkələrdə müvafiq vaksinasiya kampaniyasını təşkil etmək üçün azı iki aylıq saxlanma müddətinə ehtiyac olduğunu nəzərə aldıqda, o zaman daha 40 milyon peyvənd dozasının aqibəti təhlükə altına düşür. Şirkətin hesablamalarına görə, qeyd edilən peyvənd dozaları ən qısa zamanda yoxsul ölkələrə göndərilsə, bu kontingent indiyədək alınan və yardım olaraq təqdim edilən peyvənd dozaları ilə birlikdə həmin ölkələrdə əhalinin 70 faizinin vaksinasiyası üçün yetərli ola bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) davamlı olaraq peyvənd dozalarının ədalətli bölgüsü üçün çağırışlar edir. Bildirilir ki, koronavirus peyvəndləmə kvotası aşağı olan ölkələrdə nə qədər çox yayılarsa, bu, onun yeni variantlarının yaranması təhlükəsini bir o qədər artırar. Yeni variantların yaranması isə peyvənd maddələrinin onlara qarşı daha az effektiv olması ilə nəticələnə bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Maris Peyn: AUKUS-da tərəfdaşlıq hərbi ittifaq deyil

SONRAKI XƏBƏR

Pərviz Şahbazov Dubayda keçirilən “Gastech 2021” tədbirində iştirak edib