ADB inkişaf etməkdə olan ölkələrin iqtisadi artım perspektivlərini dəyişib

ADB inkişaf etməkdə olan ölkələrin iqtisadi artım perspektivlərini dəyişib

Asiya İnkişaf Bankı (ADB) koronavirus (COVID-19) pandemiyası ilə bağlı çətinliklər davam etdiyi üçün Asiyanın inkişaf etməkdə olan ölkələrinin 2021-ci il üzrə iqtisadi artım perspektivini azaldıb.

“Report” xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021” hesabatında bildirilib.

Sənədə əsasən, ADB, özünün flaqman iqtisadi nəşri olan “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021” əlavəsinə əsasən, bu il artımı 7,1 % olaraq proqnozlaşdırır. Bu, aprel ayında elan olunmuş 7,3 %-lik artım proqnozuna yaxındır. 2022-ci il üçün artım perspektivi 5,3 %-dən 5,4 %-ə yüksəldilir. Yeni COVID-19 ştammları, yenilənmiş lokal yayılmalar, müxtəlif səviyyəli məhdudiyyətlərin və bağlanmaların bərpası, eləcə də peyvəndlənmənin yavaş və qeyri-bərabər aparılması bölgənin perspektivlərini zəiflədir.

ADB-nin Baş iqtisadçı vəzifəsini icra edən Cosef Zveqliç qeyd edib ki, "Asiyanın inkişaf etməkdə olan ölkələri COVID-19 pandemiyasına münasibətdə həssas olaraq qalır, çünki yeni ştammlar yayılmalara səbəb olur və bəzi ölkələrdə hərəkətliliyin məhdudlaşdırılmasına gətirib çıxarır. Siyasət tədbirləri yalnız məhdudlaşdırma və vaksinasiyaya deyil, həm də şirkətlərə və ev təsərrüfatlarına dəstəyin davam etdirilməsinə, eləcə də pandemiyanın bərpaya başlamaq üçün səngiməsindən sonra "yeni normala "uyğunlaşmaq məqsədilə iqtisadiyyatın istiqamətlərinin dəyişdirilməsinə yönəlməlidir."

Asiyanın inkişaf etməkdə olan ölkələrində COVID-19 halları virusun Delta ştammının aprel ayında ortaya çıxmasından sonra artmışdır. Yeni gündəlik yayılma halları may ayında 430 000-ə çatıb. 31 avqustda 163 mindən çox yeni gündəlik hal qeydə alınıb. Bu arada, Asiyanın inkişaf etməkdə olan ölkələrində peyvəndlənmənin aparılması qeyri-bərabər olaraq qalmaqdadır və inkişaf etmiş ölkələrdən geri qalır. 31 avqust 2021-ci il etibarilə bölgə əhalisinin 28,7 %-i tam olaraq peyvəndlənmişdi. Bu göstərici ABŞ-da 51,8 %, Avropa Birliyində isə 58 %-ə bərabər idi.

Bölgədə iqtisadiyyatın bərpası yolu qeyri-bərabər olaraq qalmaqdadır. Qlobal tələbatdakı yüksəlmə bölgədən ixracatı artırdığı üçün Şərqi Asiyanın bu il üçün artım proqnozu aprel ayında 7,4 %-dən 7,6 %-ə qaldırıldı. Şərqi Asiyanın 2022-ci il üçün artım perspektivləri dəyişməyərək 5,1 % qalıb. Bölgənin ən böyük iqtisadiyyatını təmsil edən Çin Xalq Respublikası üçün artım proqnozları 2021-ci ildə 8,1 %, 2022 -ci ildə isə 5,5 % olaraq qalacaq.

Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistan üçün perspektivlərin yaxşılaşması fonunda bu il Mərkəzi Asiya dövlətlərinin iqtisadi artım proqnozu aprel ayında proqnozlaşdırılan 3,4 %-dən 4,1 %-ə yüksəldilib. Alt bölgənin 2022-ci il üçün proqnozu 4 %-dən 4,2 %-ə qədər yaxşılaşıb.

AİB, bu il Cənubi Asiyada iqtisadi artımın 8,8 % olacağını gözləyir ki, aprel ayında alt bölgə üçün artım 9,5 % olaraq proqnozlaşdırılırdı. Bununla birlikdə, 2022 -ci il üçün proqnoz 6,6 %-dən 7 %-ə yüksəlib. Alt bölgənin ən böyük iqtisadiyyatını təmsil edən Hindistanın proqnozu 2021-ci ildəki 11 %-dən 10 %-ə endirilib, gələn ilin proqnozu isə 7 %-dən 7,5 %-ə yüksəlib.

Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi ölkələri üçün proqnoza da aşağıya doğru düzəliş edilib, çünki bu alt bölgələrdəki ölkələr yeni virus ştammları, bağlanmalar və məhdudiyyətlərin davam etməsi və peyvəndlənmənin yavaş aparılması ilə mübarizə aparmaqda davam edir. Cənub-Şərqi Asiyanın 2021 və 2022-ci illər üçün artım proqnozları aprel ayında 4,4 % və 5,1 %-dən müvafiq olaraq 3,1 % və 5 %-ə endirilib. Sakit okean hövzəsi ölkələrində iqtisadiyyat 2022 -ci ildə 4.8% genişlənmədən əvvəl aprel ayında proqnozlaşdırılan 1,4 % artımla müqayisədə bu il 0,6 % kiçiləcək.

Asiyanın inkişaf etməkdə olan ölkələrində inflyasiyanın bu il 2,2 %, 2022-ci ildə isə 2,7 % səviyyəsində qalması gözlənilir. Beynəlxalq əmtəə və ərzaq məhsullarının qiymətlərinin artması ilə müşayiət olunan cari tendensiya bölgədəki bir sıra ölkələrin iqtisadiyyatında inflyasiyanı yüksəldə bilər.

AİB ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi vasitəsilə Asiya və Sakit okean regionunun çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevrilməsi əzmindədir. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.

Mənbə: report.az