Qazax Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır

Qazax Suvarma Sistemləri İdarəsi növbəti suvarma mövsümünə hazırlaşır

Qazax, 22 sentyabr, AZƏRTAC

Qazaxda əhalinin su təminatını yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən 10 ədəd yeni subartezian quyusunun qazılması planlaşdırılır. Həmçinin rayonda arx və kanallarda növbəti suvarma mövsümünə hazırlıqla əlaqədar lildən və kol-kosdan təmizləmə işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Suvarma Sistemləri İdarəsi rayonun kənd təsərrüfatı bitkiləri əkilmiş 18321 hektar suvarılan pay torpaq və həyətyanı sahələrini su ilə təchiz edir. Bu sahələrin 6513 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları vasitəsilə, 11808 hektarı isə öz axımı ilə, açıq kanallar vasitəsilə suvarılır. Suvarma üçün 5 mənbədən, tutumu 120 milyon kubmetr olan Ağstafaçay, tutumu 20 milyon kubmetr olan Coğaz çay və tutumu 2,6 milyon kubmetr olan İncəsu çay su anbarlarından, Kür və Xram çaylarından nasos stansiyaları vasitəsilə su götürülür. İlin əvvəlindən vegetasiya suvarma mövsümü başa çatanadək faktiki olaraq su ayrıclarından 59261 min kubmetr su verilib və buna müvafiq olaraq 37037 hektar sahə suvarılıb. Cari ildə 300 min kubmetr həcmində 180 kilometr uzunluğunda təsərrüfatlararası və təsərrüfat daxili arxlarda lildən və kol-kosdan təmizləmə işləri aparılıb və işlər davam etdirilir.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin 2021-ci il 25 may tarixli əmrinə əsasən Qazax rayonun uninzibati ərazisində yerləşən 205 ədəd subartezian quyusu Qazax Suvarma Sistemləri İdarəsinin balansına verilib.

Son illərdə havaların quraq keçməsi ilə əlaqədar su anbarına kifayət qədər suyun toplanmamasına görə suvarmada yaranan problemlərin aradan qaldırılması məqsədilə alternativ vasitə olaraq yeraltı mənbələrdən istifadə edilməsi məqsədilə 2021-ci ildə də Prezident İlham Əliyevin Sərəncamına əsasən əhalinin su təminatını yaxşılaşdırmaq üçün 10 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Bunun sayəsində 200 hektar sahənin su təminatını yaxşılaşdırılacaq.

Görülən işlər fermerlərin və sakinlərin həm suvarmada, həm də içməli suya olan təlabatında yaranan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır.

Həmçinin rayon ərazisində 34 ədəd subartezian quyusunda istismar tədbirləri planına uyğun cari təmir işləri görülüb və bu işlər davam etdirilir. Bundan başqa, İkinci Şıxlı kəndi əhalisinin 910 hektar pay torpaq və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması üçün İkinci Şıxlı 1-ci pillə nasos stansiyasında və örtülü suvarma şəbəkəsində təmir-bərpa işləri aparılır. Bu işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Mənbə: azertag.az