Cəfər Cabbarlı metro stansiyasının 70 faizi təmir olunub

Cəfər Cabbarlı metro stansiyasının 70 faizi təmir olunub

Metronun Cəfər Cabbarlı stansiyasının əsaslı təmir və yenidənqurma işləri hazırda da davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropolitenin” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, işlər mərhələli şəkildə aparıldığı üçün ilk növbədə yerüstü sahədən başlanılıb. Orada işlərin 70 faizindən artığı icra olunub. Yerüstü sahədə stansiyaların konstruksiyalarının mühafizəsinin gücləndirilməsi məqsədilə kommunikasiya xətləri yenidən çəkilib və orada xüsusi izolyasiya qatı yaradılıb. Daha sonra 3-cü mərhələdə döşəmə daşları döşənib. Növbəti mərhələdə isə işlər artıq stansiyanın keçidi, vestibüli və platforması səviyyəsində aparılacaq.

“Xüsusi ilə qeyd etməliyəm ki, Cəfər Cabbarlı-Xətai mənzilli tunellərdən birinin 650 metr hissəsində ağac şpallar dəmir-beton bloklarla əvəzlənir və prosesə 2 ay bundan əvvəl başlanılıb. Bakı metropolitenində ilk dəfədir ki, istismar olunan tuneldə ağac şpallar dəmir-beton bloklarla əvəz olunacaq. Artıq demək olar ki, həmin sahədə ağac şpallarının sökülərək çıxarılması prosesi başa çatdırılıb və qarşıdakı işlər hazırda planlaşdırılmış qaydada öz axarı ilə davam edir”, - deyə Bəxtiyar Məmmədov qeyd edib.

Mənbə: azertag.az