Pambığın qiymətində ciddi artım var

Pambığın qiymətində ciddi artım var

Biləsuvarda pambıq tarlalarında kütləvi yığıma start verilib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, fermerlər keyfiyyətli məhsul yetişdirib və zəhmətlərinin bəhrəsini götürməyə başlayıblar. Pambıq əkinləri rayonda fəaliyyət göstərən üç tədarükçü şirkətlə 1112 mülkiyyətçi arasında bağlanmış müqavilə əsasında becərilib. Hazırda məhsulun itkisiz toplanması üçün yığım işlərinə 32 ədəd pambıqyığan kombayn cəlb olunub.

Fermer Əhliyar Rzayev bildirir ki, bəzi tarlalarda su problemi səbəbindən bol məhsul götürmək mümkün olmayacaq. Buna baxmayaraq suvarılmanın vaxtında edildiyi sahələrdə məhsul bol olacaq: “Hal-hazırda məhsul yığımına çıxmışıq. Gördüyünüz bu sahələrdə bol məhsulumuz var. Bu sahələri biz suvarmışıq. Elə sahələrimiz var ki, su çətinliyinə görə, biz o sahələrdən yüksək sentner götürə bilməyəcəyik.Bu subsidiya əkinə görə verilirdi, indi sırf məhsula görə verilir. Bu da iki qat deməkdir də. Kim çox məhsul götürəcək, çox da subsidiya alacaq. “

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mikayıl İmanov bildirir ki, daha çevik işləyib bol məhsul əldə etmək üçün bütün qüvvələri ilə çalışırlar: “Vegetasiya suyu fərqli olaraq bəzi sahələrdə vaxtı-vaxtında verilmişdir. Amma buna baxmayaraq susuzluqdan ziyan çəkmiş sahələrimiz də var. Fermerlərimiz çox gözəl bilirlər ki, bu il subsidiya qaydalarında da müəyyən dəyişikliklər olmuşdur. Burada əsas məqsəd fermerin daha çox məhsul əldə etməsidir. Biz əkinə görə yox, məhsula görə daha çevik işləyəcəyik və çalışacağıq ki, bol məhsul əldə edək. Əgər biz bol məhsul əldə edəriksə, alacağımız da daha yüksək olacaqdır.”

Cari il rayon ərazisində 9 min hektara yaxın “ağ qızıl” tarlası becərilib. Bu il pambıq müəssisələri arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona görə 50 manat qalxıb. Bundan başqa, Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən fermerlər təhvil verdikləri pambığın hər tonuna görə 100 manat deyil, 170 manat məhsul subsidiyası alacaqlar.

Tural Kərimov

Rövşən Əzimov

Mənbə: apa.az