"2024-cü il üçün yaşayış minimumu haqqında” və "2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.
Gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Yaşayış minimumunun pensiyaçılar üçün 222 manat, uşaqlar üçün isə 235 manat məbləğində olacağı proqnozlaşdırılır.
Bəs, bu artım inflyasiyanın tempinə uyğundurmu?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov, bir müddət əvvəl Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən də sözügedən mövzuda açıqlama verildiyini xatırladıb:
“Nazir bildirdi ki, yaxın vaxtlarda yaxın ehtiyac meyarı ilə yaşayış minimumu arasında prioritet yaradılacaq. Eyni zamanda, ehtiyac meyarı yaxın vaxtlarda tamamilə gündəmdən çıxarılacaq.
Yəni, hər ikisinin səviyyəsi eyni olduğu üçün, ölçü vahidi olaraq yaşayış minimumu rəhbər tutulacaq və buna müvafiq qərarlar veriləcək. Belə olan halda, yaşayış minimumu da minimum əmək haqqı səviyyəsinə çatdırılmalı və yaşayış minimumunun da gündəmdən çıxarılması təmin olunmalıdır”.
Onun sözlərinə görə, ehtiyac meyarı üçün müəyyən olunan 270 manatlıq hədd davam edən bahalaşma və inflyasiya şəraitində reallıqlara tam cavab vermir:
“Ona görə ki, müasir dövrdə minimal istehlak səbəti bir insanın normal şəkildə yaşaması üçün lazım olan hər şeyi özündə birləşdirməlidir. Söhbət, təkcə ərzaqdan getmir və bura təhsil, tibb və digər bütün xərclər daxildir. Minimum yaşayış səviyyəsi məhz bu formatda müəyyən olunmalıdır. Bu gün bütün sivil ölkələrdə bu proseslər yüksək səviyyədə nəzərə alınır.
Ölkəmizdə də dünyada baş verən bütün proseslər və inflyasiya nəzərə alınaraq mühüm addımlar atılmalıdır. Yəni, ya bu ilin sonuna qədər, ya da gələn ilin əvvəllərində bu məsələyə yenidən nəzər salınmalı və 270 manatlıq hədlə bağlı indeksasiya aparılmalıdır”.
“Hökumət gələn il üçün minimum 5,5 faizlik inflyasiya gözləyir”
Digər iqtisadçı-ekspert Xalid Kərimli, hökumətin yaşayış minimumunu mövcud beynəlxalq metodika əsasında hesabladığını bildirib:
“Nazirlər Kabineti, minimum istehlak səbətinə daxil olan normativlər müəyyənləşdirib. Bu baxımdan da biz onlardan yalnız müəyyən olunan normativlərin nə qədər aktual olduğunu, dünyada gedən proseslərlə nə qədər adekvat olduğunu soruşa bilərik”.
Müsahibimiz, artıq bir neçə ildir ki, hökumətin eyni metodika ilə hesablama apardığını vurğulayıb:
“Burda yalnız bir məqam var – yaşayış minimumu hesablanarkən ünvanlı sosial yardımlar və digər proqramlar nəzərə alınır. Hazırda isə sürətli inflyasiya dövrüdür. Bəlli olduğu kimi, yaşayış minimumu yanvarın 1-dən qüvvəyə minəcək. Hökumət isə gələn il üçün minimum 5,5 faizlik inflyasiya gözləyir.
Qiymətlər isə gələn il də artacacaq. Bu qanunun ildə bir dəfə qəbul edildiyini diqqətdə saxlamaqla, gələn ilki inflyasiyanı indidən nəzərə almaq lazımdır. Əgər belə olsa, daha ədalətli bir vəziyyət yaranar. Ən azından gələnilki proqnozlara əsaslanaraq yaşayış minimumu elan edilsə, daha yaxşı olar”.
Mənbə: bizim.media