Azərbaycanda hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyən edilir

Azərbaycanda hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyən edilir

"Xəzər dənizinin külək enerjisi potensialından istifadə yaşıl enerji kursumuzda özünə yer alır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə əməkdaşlıq çərçivəsində bu potensialın qiymətləndirilməsi və yol xəritəsinin hazırlanması üzrə işlər davam edir".

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, ilkin tədqiqatlara əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt həcmində qiymətləndirilir: “Dənizdə mövcud olan bu potensialdan elektrik enerjisinin ixracı, həmçinin yaşıl hidrogen istehsalı ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq perspektivlərdir. Ümumən, enerji keçidi prosesində həlledici alət kimi qəbul edilən hidrogen istehsalı və istifadəsi üzrə BMK ilə yanaşı Böyük Britaniyanın bp, KBR, eləcə də BƏƏ-nin “Masdar” və Norveçin “Equinor” şirkətləri ilə təcrübə mübadiləsi aparılır”.

Nazir bildirib ki, beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində təhlillər nəticəsində ölkəmizdə hidrogen istehsalı üzrə perspektiv istiqamətlər müəyyənləşdirilir: “Bunlar dənizdə külək enerjisi layihəsi çərçivəsində elektroliz qurğularının elektrik enerjisi ilə təchizatını həyata keçirərək “yaşıl” hidrogenin, dənizdə təbii qaz istehsalı ilə əlaqədar karbon tutma texnologiyalarının tətbiqi nəticəsində “mavi” hidrogenin istehsalını əhatə edir”.

P. Şahbazov qeyd edib ki, növbəti beş il ərzindəki planlarımıza SES və KSES-lər üzrə azı 200 MVt-lıq yeni istehsal gücünün yaradılması, həmçinin aktiv istehlakçılar üzrə şəbəkəyə qoşulan gücün əlavə 10,000 kVt artırılması daxildir.

Mənbə: report.az