“İphone 13”-ü alanlar kimlərdir? – “Ərzaq, kommunal xidmətlər bahalaşıbsa...”

“İphone 13”-ü alanlar kimlərdir? – “Ərzaq, kommunal xidmətlər bahalaşıbsa...”

“Apple” şirkətinin istehsal etdiyi “İphone”-nun digər versiyası “İphone 13” satışa çıxan kimi mağazlarda iynə atmağa yer qalmayıb. 3000 manat civarında olan bu markanın artıq 1200 ədədi satılıb. Əhalinin əksər hissəsi maddi imkanlı deyilsə, bahalı telefonları kim alıb?

Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli ötən illərlə müqayisədə əhalinin sosial vəziyyətindən şikayətlənməsinin əsaslı sayır:

“Çünki Statistika Komitəsinin də məlumatlarından görünür ki, inflyasiyanın sürəti əhalinin gəlirlərindən üstündür. Yəni real olaraq alıcılıq qabiliyyəti aşağıdır. Yoxsul təbəqənin xərclərində ərzaq məhsulları ilk sıradadır. Təxminən 50 faiz. Ərzaq qiymətləri son bir ildə 10,4 faiz artıb və bu artım hələ də davam edir. Nəzərə alınmalıdır ki, kommunal xərclər də artıb. Yaşayış, dolanışıq daha da çətinləşir”.

Ekspertin sözlərinə görə, “İphone 13”-ə görə mağazalarda sıxlığın yaranmasını əhaliyə və ümumi vəziyyətə şamil etmək olmaz:

“İphone 13” satışında ajiotaj əhalinin əksər hissəsinin maddi imkanı ilə ziddiyyət təşkil edir. Bunun böyük kütləyə aidiyyəti yoxdur. Bildiyim qədər, orada satışı stimullaşdırma kampaniyası var idi. Tez alanlara müəyyən güzəştlər, məsələn, 300 manata qədər kontur hədiyyə edilirdi. Bu da alışı gözləyən insanları kampaniyadan faydalanmağa həvəsləndirib”.

Xalid Kərimli qeyd edib ki, ölkədə gəlir paylaşımında kəskin fərqlər var:

“Biriləri çox varlı, digəri isə çox kasıbdır. Sonuncuların sayı da son dövrlərdə artıb. Pandemiya da bu prosesə təsir göstərib. “İphone 13”lə bağlı ajiotaj əhalinin maddi imkanı yox, şirkətin fəaliyyətinin nəticəsi, uğurudur”.

Nəzrin Vahid

Mənbə: yenisabah.az