“Panasonic” kompaniyası Avropada televizor istehsalını dayandıracaq

“Panasonic” kompaniyası Avropada televizor istehsalını dayandıracaq

Bakı, 21 oktyabr, AZƏRTAC

Yaponiyanın “Panasonic” kompaniyası 2022-ci ilin sonlarına qədər Avropadakı yeganə zavodunda televizor istehsalını dayandıracaq.

AZƏRTAC “Nikkei” nəşrinə istinadla xəbər verir ki, kompaniyanın müəssisəsi Çexiyanın qərbindəki Plzen şəhərində yerləşir. 1997-ci ildə tikilən zavod indiyədək Avropa bazarına çatdırılmalar üçün istehsalat bazası rolunu oynayıb. Hər il bir milyon televizorun yığıldığı müəssisənin 400 min əməkdaşı işdən azad olunacaq və ya istilik nasoslarının istehsalına keçiriləcək.

“Panasonic” artıq Yaponiyada, həmçinin Vyetnam, Hindistan, Çin və Meksikada televizor istehsalını dayandırıb. Bu il Braziliyadakı istehsalın da dayandırılması planlaşdırılır. 2022-ci ilin martından sonra kompaniya yalnız Malayziya və Tayvandakı istehsalat xətlərini saxlayacaq.

Qeyd edək ki, “Panasonic” əsrin əvvəlində dünyanın ən aparıcı televizor istehsalçılarından biri olsa da, sonradan mövqelərini tədricən Cənubi Koreya və Çindəki rəqiblərinə verib. Kompaniyanın televizor satışları təxminən 3,6 milyon ədəd təşkil edib və onun qlobal bazardakı payı 2 faizə qədər azalıb.

Mənbə: azertag.az