"Zəngilan ticarət münasibətlərinin daha da inkişafına töhfələr verəcək"

"Zəngilan ticarət münasibətlərinin daha da inkişafına töhfələr verəcək"

"Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edildi. 20 oktyabr tarixi zəfər səlnaməmizin şanlı səhifələrindən birinə çevrildi. Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Zəngilan rayonunun sahəsi işğal ərəfəsində 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, işğal dövründə Zəngilan rayonunun ərazisində mövcud olan onlarla milli və dini-tarixi abidələr dağıdıldı: "27 il ərzində Ermənistan Zəngilanı işğal altında saxlamaqla bu və digər ərazilərdəki bütün təbii sərvətlərimizi talan etdi. İşğal dövründə istismar edilən təbii sərvətlər ölkəmizin resurslarına qarşı ermənilərin növbəti faşist siyasətinin nümunəsinə çevrildi. Zəngilan artıq işğaldan azad edilib. Zəngilan üçün yeni dövr başlayıb. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Zəngilan şəhərində cənab Prezident İlham Əliyevin rayona səfəri zamanı təməli qoyulan beynəlxalq hava limanının inşası davam edir: "Zəngilan rayonuna bütün istiqamətlərdə yeni magistral yollar çəkilir. Bu proseslər turizm və bölgənin inkişafında müsbət rol oynamaqla bərabər, həm də həmin ərazilərdə yerləşən hissə və bölmələrimizin təminat və təchizatında böyük əhəmiyyət daşıyacaq. Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası”na çevrilir. Bu proses qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Bütün bu işlərdə Zəngilanın xüsusi rolu var. Zəngilan ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq. Rayonun təbii resursları, kənd təsərrüfatı potensialı ölkə iqtisadiyyatının güclənməsi üçün yeni mənbələr yaradacaq. Xarici ticarət üçün unikal imkanlara sahib olan Zəngilan rayonu ticarət münasibətlərinin daha da inkişafına töhfələr verəcək".

Arzu Qurbanzadə

Mənbə: sia.az