Azərbaycanın tikinti bazarında qiymətlər “od tutub yanır” - azı iki dəfə bahalaşma hələ davam edir…

Azərbaycanın tikinti bazarında qiymətlər “od tutub yanır”  - azı iki dəfə bahalaşma hələ davam edir…

Nüsrət İbrahimli: “Son zamanlar ölkədə hər növ tikinti materialının qiymətində artım var”

Son aylar ölkədə tikinti materiallarının qiymətində kəskin bahalaşma qeydə alınır. Araşdırmalara görə, tikinti materialları bazarında ən azı 30-100% arası bahalaşma mövcuddur. Məsələn, dəmir materialları qiymətlərində artım az qala 90-100%-dir.

Eyni zamanda taxta materiallarında 70-80% bahalaşma mövcuddur. Bir neçə ay əvvl taxtanın kubu 230 manat idisə, hazırda 500 manat civarındadır. Eyni zamanda, armaturun qiymətində də dəyişiklik açıq şəkildə hiss olunur. Belə ki, əvvəllər armaturun tonu 700-800 manat idisə, bu gün təxminən 1400-1500 manat təşkil edir. Məlumatlara görə, tikinti materiallarının qiyməti hələ də artacaq.

Onu da qeyd edək ki, Rusiyada taxtanın ixrac rüsumunun artırılması Azərbaycan bazarında da ciddi qiymət artımına təsir edib. Artıq neçə aydır ki, taxta materiallarının qiymətində yüksək artım müşahidə edilir.

Ekspertlər qiymət artımını müxtəlif cür izah edir. Onların fikrincə, tikinti materiallarının qiymətinin qalxması həm Qarabağda aparılan tikinti işləri, həm də gömrük rüsumları ilə bağlıdır. Belə ki, əvvəllər gömrük rüsumlarının hesablanması qaydası vaqon hesabı şəklində olurdu. Ancaq indi bu, kub şəklində həyata keçirilir. Bu da qiymətin artmasına səbəb olan amillərdən biridir.

“Materialların bu cür bahalaşmasının əsas səbəbi bütün dünyada enerji daşıyıcılarının qiymətinin artmasıdır”

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirdi ki, son zamanlar ölkədə hər növ tikinti materialının qiymətində artım var: “Xüsusilə də taxtanın qiyməti daha çox bahalaşıb. Hazırda bazarda taxtanın 1 kubu 500 manata yaxındır. Materialların bu cür bahalaşmasının əsas səbəbi bütün dünyada enerji daşıyıcılarının qiymətinin artmasıdır. Bu birbaşa maya dəyərinə təsir edir. Eyni zamanda əmək qüvvəsi də bahalaşıb. Ümumi həyat tərzinin bahalaşması da tikinti bazarına təsir edir. Daşıma xərclərinin yüksəlməsi də, məlumdur ki, maya dəyərinə təsirsiz ötüşmür. Hazırda bazarda heç də böyük tələb yoxdur. Yəni müştəri bolluğu yaşanmır. Ancaq bununla belə, qiymətlər yüksək olaraq qalır. Bu da birbaşa maya dəyəri ilə bağlıdır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com