Qars-İğdır-Naxçıvan xətti Zəngəzur dəhlizinin bütün Avrasiya üçün əhəmiyyətini artırır

Qars-İğdır-Naxçıvan xətti Zəngəzur dəhlizinin bütün Avrasiya üçün əhəmiyyətini artırır

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu. Bu avtomobil yolu ilə paralel olaraq Zəngəzur dəhlizinin reallaşmasında mühüm rol oynayacaq dəmir yolunun da inşası həyata keçirilir. Söhbət Horadiz-Ağbənd dəmir yolu xəttindən gedir.

Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti strateji əhəmiyyətə malikdir. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaradılacaq. Barəsində bəhs edilən dəmir yolunun digər mühüm əhəmiyyəti Azərbaycanla qardaş Türkiyə arasında iqtisadi bağların daha da möhkəmlənməsinə verəcəyi yeni töhfələr olacaq. Belə ki, bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tiflis-Qars xəttindən sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Avtomobil və dəmir yolunun keçdiyi Zəngəzur dəhlizi, Qarabağdakı digər nəhəng layihələr bütün türk dünyası üçün əvəzsiz önəmə malikdir. Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinin orta xəttində yer alacaq. Beləliklə, Orta Asiyanın türk dövlətlərinin də bağlandığı bu siyasi marşrutda Ankara və Bakı geosiyasi olaraq böyük qitə coğrafiyasının əsas mərkəzinə çevriləcək. Bu vəziyyətdə Zəngəzur dəhlizindən keçən avtomobil və dəmir yolunun çəkilişinə paralel olaraq, Azərbaycan və Türkiyə arasında Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin inşası da böyük əhəmiyyət kəsb edir. Belə ki, Zəngəzur dəhlizindən keçən dəmir yolu sonradan Qars-İğdır-Naxçıvan xəttinə birləşəcək. Türkiyə prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan da bildirir ki, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrası region üçün çox önəmlidir. Qeyd edək ki, bu il fevralın 25-də Prezident İlham Əliyevin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bu layihənin həyata keçirilməsi Naxçıvanın ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək. Layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. Zəngəzur dəhlizinin işə düşməsi isə qeyd edilən dəmir you xətti ilə Azərbaycandan Türkiyə və Avropaya çıxışı daha əlverişli hala gətirəcək. Zəngəzur dəhlizi, Naxçıvandan, Türkiyədən keçən dəmir yolu regionla yanaşı, bütün Avrasiya üçün mühüm əhəmiyyət kəsb edəcək. Dəmir yolunun inşasının yekunlaşması ilə Çin, Hindistan, Pakistan və İrandan Avropaya ciddi həcmdə yük axını olacaq. Xatırladaq ki, İğdırla Naxçıvan arasındakı dəmir yolu xəttinin Türkiyə sərhədləri daxilindəki hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu layihəsinin hazırlıq işləri 2020-ci ilin sonunda tamamlanıb. 224 kilometr uzunluğunda, altı stansiya, cüt xətlər və elektrik siqnalları ilə təchiz edilmiş bu dəmiryolu xəttində daşımalar saatda 160 kilometr sürətlə həyata keçiriləcək.

Naxçıvandan Türkiyəyə uzanan dəmir yolu ilk növbədə Şərqlə Qərbin qovşağında əlverişli coğrafi mövqedə yerləşən, türk-islam dünyasına bir qapı hesab edilən qədim Naxçıvan diyarının inkişafına birmənalı müsbət təsir göstərəcək. Məlum olduğu kimi, 1941-ci ildə çəkilən və Azərbaycanı Naxçıvanla bağlayan Mincivan-Culfa dəmiryolu xətti Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi şəkildə dayandırıb. Daha doğrusu, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və uzunluğu 638 kilometr olan Bakı-Şirvan-Horadiz-Mincivan-Mehri-Ordubad-Naxçıvan-Sədərək yolunun 44 kilometri Ermənistan üzərindən keçir və bu yol 30 il müddətində tam blokada şəraitində olub. Lakin indi vəziyyət dəyişir və Ermənistanın bu prosesin qarşısını alması mümkünsüzdür. Reallaşdırılacaq nəqliyyat layihələrindən böyük mənfəət əldə edəcək tərəflərdən biri də Ermənistandır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolundan Ermənistan da istifadə edə biləcək, İranla birbaşa dəmir yolu bağlantısı qurmaq imkanı qazanacaq. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına da imkan yaratmağa hazır olduğunu bildirir.

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda səslənən fikirlərə və nümayiş etdirilən fərqli mövqelərə baxmayaraq, onun reallaşması mütləqdir. Bunu şərtləndirən əsas səbəblər Azərbaycanın iradəsi, Ermənistanın müvafiq öhdəlikləridir. Dəhlizin reallaşması bütün bölgə ölkələrinə böyük mənfəət gətirəcəyindən, bu, regionda davamlı sülhə əsas töhfələrdən biri hesab edilir. Kommunikasiya əlaqələrinin bərpası və yenilərinin yaradılması artıq qarşısıalınmaz prosesdir. Bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla da adları çəkilən ölkələr üçün hüquqi öhdəlik xarakteri daşıyır. Qeyd edilən bəyanatın 9-cu maddəsində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bura, həmçinin, Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi daxildir. Azərbaycan üçün bu məsələ həyati önəm kəsb edir və ölkəmiz tərəfindən bu kontekstdə artıq zəruri addımlar atılır.

Tahir TAĞIYEV

Mənbə: www.baki-xeber.com