Azərbaycan dekabr ayı üzrə "OPEC+" planını dəstəkləyəcək

Azərbaycan dekabr ayı üzrə "OPEC+" planını dəstəkləyəcək

Azərbaycan "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) istehsalçılarının gələn ay gündəlik xam neft hasilatını 400 min barel artırmaq planını dəstəkləyəcək.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Bloomberg"ə açıqlamasında deyib.

"Biz sabitliyi qorumaq üçün bunun ən optimal qərar olacağını düşünürük", - P. Şahbazov qeyd edib.

O, belə bir artımın bazarda volatilliyin qarşısını almağa kömək edəcəyini bildirib.

Hasilatın daha sürətli artırılması ilə bağlı artan çağırışları şərh edən P. Şahbazov bildirib ki, istehsalın artırılması ilə bağlı istənilən qərar iqtisadi səbəblərə və bazarın hərtərəfli araşdırılmasına əsaslanmalıdır.

O qeyd edib ki, Avropada təbii qazın son yüksək qiymətləri neft məhsullarına tələbi artırsa da, artım hər rüb gündəlik 300-400 min bareldən çox olmayıb: "Biz tələbatda kəskin artım müşahidə etmirik, çünki elektrik enerjisi istehsalçıları təbii qazı əvəz etmək üçün həmişə neft məhsullarını seçmirlər. Onlar nüvə enerjisi və kömürdən də istifadə edirlər".

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 mln. barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Mənbə: pia.az