Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşa bilər

Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşa bilər

"Türk lirəsiylə bağlı baş verən proseslərin Azərbaycana psixoloji təsiri gözləniləndir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dollar qarşısında Türkiyə lirəsinin kəskin ucuzlaşmasının Azərbaycana hansı təsirlərinin ola biləcəyindən danışarkən deyib:

"Yaranmış vəziyyətdə gələcəkdə manatın məzənnəsində də problemlərin yaşanacağı ilə bağlı insanlarda müəyyən əndişə yaranıb. Bunun nəticəsində manatla bağlı da bənzər proseslərin ola biləcəyi ehtimalı artır. Mövcud durumda belə gözləntilər də istisna deyil. Ona görə də son 4 hərracda Azərbaycanda dollar satışının artdığını görürük. Əvvəlki dövrdə hər hərracda 50-60 milyon civarında dollar satılırdısa, indi bu, 90-95 milyon dollara çatıb. Bu onu göstərir ki, ölkəmizdə də, qardaş ölkənin pul vahidində baş verən proseslərlə əlaqədar olaraq valyutaya tələbat artır”.

 

Bununla yanaşı, ekspert bildirir ki, lirə ətrafında cərəyan edən proseslər manatın məzənnəsinə hər hansı bir təsir göstərməyəcək:

"Lirənin dollara nisbətdə kəskin dəyər itirməsinin manatın məzənnəsinə heç bir təsiri yoxdur. Manatın məzənnəsinə daha çox neft qiyməti təsir göstərir”.

Həmsöhbətimiz qeyd edir ki, proses Türkiyədən mal gətirən Azərbaycan iş adamları üçün cəlbedicidir:

"Ticarət dövriyyəsinə gəldikdə türk lirəsi ucuzlaşdıqca, bu ölkədən Azərbaycana idxal da artacaq. Çünki indiki halda Türkiyədən mal almaq daha sərfəli hala gəlir. Proses davamlı olacaqsa, yəqin ki, bir müddətdən sonra Türkiyədən ölkəmizə gələn malların qiymətində az da olsa ucuzlaşmanın şahidi olacağıq”.

 

Rüfət Sultan

Mənbə: qaynarinfo.az