İşğaldan azad olunan ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlər açıqlanıb

İşğaldan azad olunan ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlər açıqlanıb

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı Proqramı üzrə Tədbirlər Planına əsasən görüləcək işlər açıqlanıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, işğaldan azad olunan ərazilərdə meliorasiya və su təsərrüfatının səmərəli idarəetmə strukturlarının yaradılması və təkmilləşdirilməsi, strukturların maddi-texniki bazasının gücləndirilməsi, obyektlərin elektron kadastr məlumatının və xəritəsinin hazırlanması işləri davam etdirilir. Bu işlər yekunlaşandan sonra meliorasiya və su təsərrüfatı sistemlərinin səmərəli idarəedilməsi və istismarının təşkilinə, mövcud və yeni yaradılacaq struktur bölmələrinin inzibati binalarla, maşın-mexanizmlərlə və digər avadanlıqlarla təchizatının yaxşılaşdırılmasına, meliorasiya və su təsərrüfatı obyektlərinin mövcud vəziyyəti barədə məlumatların əl çatanlığının təmin edilməsi üçün məlumat bazasının yaradılmasına nail olunacaq.

“Qarşıdakı ildə meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası və inkişafı üzrə innovativ texnologiyaların tətbiqi nəzərə alınmaqla, meliorasiya və su təsərrüfatının bərpası və inkişafı ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması planlaşdırılır. Bundan başqa, 2025-ci ilədək suvarılan torpaqların suvarma suyu ilə təminatı üzrə elektron informasiya-məsləhət xidmətlərinin yaradılması və Elektron Su Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiyası, suvarılan torpaqlardan kənd təsərrüfatında istifadəsinin səmərəli təşkili məsələlərinin həll olunması həyata keçiriləcək” , - deyə Dilqəm Şərifov vurğulayıb.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi üzrə Suqovuşan hidroqovşağı, ondan su götürən Tərtərçay Sağ və Sol Sahil magistral kanalları, Ağdam və Füzuli rayonlarında yerləşən su anbarları və onlardan su götürən kanallar, Araz çayından su götürən Maralarx və Həsənliarx kanalları və digər meliorasiya və su təsərrüfatı obyektlərinin texniki vəziyyətinin monitorinqinin aparılması məqsədilə layihələndirmə və təmir-bərpa işlərinə hazırlıq tədbirləri görülüb.

Dilqəm Şərifov, həmçinin bildirib ki, “Azərkosmos” ASC-nin imkanlarından istifadə etməklə kosmik çəkilişlər aparılıb, torpaqları suvarma suyu ilə təmin edən su anbarlarının, hidroqovşaqların və suvarma kanallarının mövcud vəziyyəti qiymətləndirilib və yerində öyrənilib. Meliorasiya və su təsərrüfatı obyektlərinin inventarlaşdırılması, kənd təsərrüfatı torpaqlarının əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə suvarılan torpaqların mənimsənilmə mərhələləri müəyyən olunub. Bundan başqa, suvarma mənbələrinin su ehtiyatlarının qiymətləndirilməsi, əkinə cəlb olunacaq yeni torpaq sahələrinin müəyyənləşdirilməsi davam etdirilir.

İşğaldan azad olunan ərazilərdə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı Proqramı üzrə Tədbirlər Planına əsasən, bir sıra mühüm regional əhəmiyyətli tədbirlərin icrası da nəzərdə tutulur.

Mənbə: azertag.az