Ermənistan Gorus-Qafan yoluna görə çıxılmaz vəziyyətdə

Ermənistan Gorus-Qafan yoluna görə çıxılmaz vəziyyətdə

İrandan Ermənistana idxal olunan benzin və maye qazın həcmi kəskin şəkildə azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

O, bunu Azərbaycanın Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsinə nəzarət etməsi ilə əlaqələndirib.

“Bizim burada həqiqətən də ciddi problemlərimiz var və Gorus-Qafan yolunda baş verənlər maye qazın qıtlığına və qiymət artımına birbaşa təsir edir. Təkcə son bir ayda Ermənistanda maye qazın qiyməti 20 dram artıb” - deyə Davtyan bildirib.

Onun sözlərinə görə, qiymət artımı bununla məhdudlaşmayacaq. Ekspert əmindir ki, yeni bahalaşma hələ qarşıdadır. Məsələ burasındadır ki, maye qaz Ermənistana iri yük maşınlarında gətirilir. Bunun üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yolları çox dar və keçilməz olacaq:

“Bu vəziyyət aradan qaldırılmasa, təbii ki, kəsir artacaq və bu da öz növbəsində qiymətlərin uzun müddət bahalaşmasına səbəb olacaq. Ermənistanda avtomobillərin əksəriyyəti təbii qazla işlədiyi üçün təbii ki, bazarda müəyyən dəyişikliklər baş verəcək. Xüsusilə, artıq sıxılmış qaz satış məntəqələrindən siqnallar gəlir ki, orada müəyyən qiymət artımı gözlənilir”.

Davtyanın fikrincə, indiki çətin vəziyyətdə Rusiyanın maye qazı Ermənistan bazarı üçün müəyyən həyat xəttinə çevrilə bilər. O, əmindir ki, İran-Ermənistan yolunun bağlı və ya təhlükəli olması səbəbindən erməni idxalçılar tədricən Rusiyadan idxala diqqət yetirəcəklər:

“Amma bu ssenaridə də Ermənistan bazarı üçün gizli təhlükələr var. Fakt budur ki, Rusiya Federasiyasında daxili bazarı inflyasiya şoklarından qorumaq üçün maye qaz və benzinin ixrac həcminə kvotaların tətbiqi məsələsi vaxtaşırı müzakirə olunur. Bunu nəzərə alaraq deyə bilərik ki, bəli, Rusiya versiyasını müəyyən mənada xilasedici hesab etmək olar, lakin Ermənistanla bağlı oxşar qərar verilərsə, bu sahədə mümkün kəsiri aradan qaldırmaq çox çətin olacaq”.

Mənbə: qafqazinfo.az