İşğaldan azad olunan ərazilərdə bölgə əhəmiyyətli suvarma kanalları yenidən qurulacaq - AÇIQLAMA

İşğaldan azad olunan ərazilərdə bölgə əhəmiyyətli suvarma kanalları yenidən qurulacaq -  AÇIQLAMA

Bakı, 30 noyabr, C.Rüstəmov, AZƏRTAC

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı Proqramı üzrə Tədbirlər Planına əsasən görüləcək bölgə əhəmiyyətli tədbirlər açıqlanıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın sorğusuna cavab olaraq, 2023-cü ilədək görüləcək işlər barədə məlumat verib. Bildirib ki, Suqovuşan hidroqovşağının və ondan su götürən magistral kanalın təmir-bərpası plana salınıb. 1976-cı ildə istismara verilmiş, ümumi sututumu 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı və ondan su götürən suburaxma qabiliyyəti saniyədə 70 kubmetr və uzunluğu 5,25 kilometr olan əsas magistral kanalın təmir-bərpasını həyata keçiriləcək.

Tərtərçay Sol Sahil kanalının yenidən qurulması da nəzərdə tutulur. Tədbirlər Planına daxil edilmiş Tərtərçay Sol Sahil (sərfi saniyədə 20 kubmetr) kanalının yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 36 min hektar əkin sahələrinin su təminatında xeyli irəliləyiş əldə olunacaq.

Dilqəm Şərifov qeyd edib ki, növbəti illərdə Suqovuşan hidroqovşağından su götürən magistral kanaldan ayrılan sərfi 50 kubmetr/saniyə və uzunluğu 70 kilometr olan beton üzlüklü Tərtərçay Sağ Sahil kanalının təmir-bərpası ilə Tərtər, Ağdam və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq.

Mənbə: azertag.az