Türkmən qazının Azərbaycana daxil olması o deməkdir ki... - Neft-qaz mütəxəssisi

Türkmən qazının Azərbaycana daxil olması o deməkdir ki... - Neft-qaz mütəxəssisi

"Ola bilsin gələcəkdə Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropa bazarına da daxil olmasına münbit zəmin yaransın”.

Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz mütəxəssisi Zəfər Vəliyev Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli sazişi dəyərləndirərkən deyib.

Ekspert bildirib ki, bu sazişlə Aşqabadla Bakı enerji sahəsində əməkdaşlığın yeni dövrünə qədəm qoyur:

"Aşqabad, Bakı və Tehran arasında imzalanan müqavilənin sərhədləri tam bəlli deyil. Bu barədə yəqin ki, yaxın günlərdə tam dolğun məlumat alacağıq. Müqaviləyə görə, Türkmənistandan illik 1,5-2 milyard kubmetrə qədər mübadilə əsasında qaz idxal edəcəyik. Bu müstəvidə, ola bilsin, Türkmənistan qazını daxili tələbata yönəldəcəyik. Əlavə həcmləri isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxaracağıq. Türkmən qazının Azərbaycana uzunmüddətli müqavilə əsasında daxil olması o deməkdir ki, bu iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yeni bir dövrünə qədəm qoyuruq. Energetika sahəsində iki ölkə arasında önəmli addımlar atılır. Bu, hər iki ölkə üçün müsbət addımdır”.

Həmsöhbətimiz onu da qeyd edib ki, Azərbayanın qaz təchizatında hər hansı bir problem yoxdur:

"Yerli istehsal hesabına daxili bazarın tələbatını qarşlayırıq. Keçən il ölkənin qaza olan tələbatı 12,5 milyard kubmetr olub. Eyni zamanda, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan və İtaliya olmaqla xarici ölkələrlə müqavilə öhdəliklərini də yerinə yetiririk.

Amma burada bir məqam var. Bu il Avropada qaz qıtlığı yarananda Azərbaycan Prezidenti bəyan etdi ki, Bakı qitəyə əlavə qaz həcminin tədarükünü təşkil edə bilər. Lakin bunun üçün ilkin olaraq müqavilələr bağlanmalı, sifarişlər verilməli və tədarük ediləcək qaz həcmi əvvəlcədən bəyan edilməlidir. Bu məsələdən sonra Türkmənistan qazının İrandan keçməklə mübadilə əsasında Azərbaycana tədarük edilməsində bir çox aydın olmayan məqamlar var. Ona da müvafiq strukturlar açıqlama gətirməlidir. Qaz mübadiləsi qaz satış formalarının biridir və bir çox ölkələr bu sistemdən yararlanıb. Rusiya Özbəkistan və Türkmənistandan qaz idxal edərək onu daxili tələbata yönəldib, öz istehsalını isə xarici bazarlara çıxarıb”.

Rüfət Sultan

Mənbə: qaynarinfo.az