“Moderna”nın rəhbəri ABŞ-ın vaksinlərin 60 faizini almaq qərarını tənqid edib

“Moderna”nın rəhbəri ABŞ-ın vaksinlərin 60 faizini almaq qərarını tənqid edib

Bakı, 30 noyabr, AZƏRTAC

“Moderna” kompaniyası istehsal etdiyi koronavirus əleyhinə vaksinin 60 faizini ABŞ hakimiyyətinə təhvil verməyə məcbur edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Moderna” korporasiyanın icraçı direktoru Stefan Bansel “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Bu, zəngin ölkələrin siyasi qərarı idi. Bizə istehsalımızın 60 faizini ABŞ hökumətinə verməkdən başqa seçimimizin olmadığı deyildi. Qərarı “Moderna” kompaniyası deyil, Birləşmiş Ştatlar hökuməti verib”, - deyə Stefan Bansel inkişaf etməkdə olan ölkələrə dəstəyin yetərli olmadığı barədə beynəlxalq vaksin istehsalçılarının ünvanına səsləndirilən iradlara cavab verərkən bildirib. Onun sözlərinə görə, Afrika ölkələri üçün nəzərdə tutulan 70 milyon vaksin dozası beynəlxalq COVAX proqramının və ya bəzi ölkə rəhbərlərinin günahı ucbatından anbarlarda qalıb.

Bir müddət öncə Ağ ev administrasiyasının COVID-19 infeksiyası ilə mübarizə üzrə baş elmi mütəxəssisi Devid Kessler peyvəndin ədalətli paylanmasına yönələn ümumdünya COVAX təşəbbüsü üçün koronavirusa qarşı yetərincə vaksin təqdim etməyəcəyi təqdirdə ABŞ hakimiyyətinin “Moderna” kompaniyasına qarşı mümkün tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

Bəzi məlumatlara görə, ABŞ-ın hakimiyyət orqanları “Moderna” əczaçılıq korporasiyasından COVID-19 infeksiyasına qarşı peyvəndləri COVAX layihəsi üçün qeyri-kommersiya qiymətləri ilə satmağı xahiş edib. Devid Kesslerin sözlərinə görə, Vaşinqton preparatın tədqiqat işlərini maliyyələşdirmək və vaksin əldə etmək üçün kompaniyaya 10 milyard dollar ayırıb.

Mənbə: azertag.az