Təl-Əviv Parisi taxtından endirdi – Tehran isə…

Təl-Əviv Parisi taxtından endirdi – Tehran isə…

İsrailin paytaxtı Təl-Əviv Parisi taxtından endirərək dünyanın ən bahalı şəhərləri siyahısında zirvəyə yüksəlib.

Teleqraf.com xəbər verir ki, ingilis nəşri “The Economist”in dünyanın 173 böyük şəhərində apardığı araşdırmada koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətlərin ticarət və istehsalata mənfi təsir göstərdiyi bildirilib.

Hesabata görə, dünya üzrə böyük şəhərlərdə yaşayanlar bu il son 5 ildə yaşayış qiymətlərində ən böyük artımın şahidi olublar.

Bildirilib ki, neftin qiymətinin artması ilə şəhərlərdə nəqliyyat bahalaşıb, bununla yanaşı, əyləncə, şəxsi qulluq kimi sahələrdə də qiymət artımı baş verib.

İsrailin paytaxtı Təl-Əviv yaşayış səviyyəsinin qlobal reytinqində beşinci yerdən qalxaraq dünyanın ən bahalı şəhəri olub. Parisin Sinqapurla ikinci yeri bölüşərək siyahıda bir pillə gerilədiyi bildirilib.

İsrail şekelinin xarici valyutalar qarşısında bahalaşması, ərzaq və nəqliyyat qiymətlərinin artmasının Tel-Əvivi ilk sıraya çıxardığı qeyd edilib.

İranın paytaxtı Tehran ABŞ-ın sanksiyalarının səbəb olduğu qiymət artımları və məhdudiyyətlər səbəbindən dünya bahalılıq indeksində 79-cu yerdən 29-cu yerə yüksələrək onu siyahıda ən çox bahalaşan şəhərə çevirib.

Hesabatda Avropa və inkişaf etmiş Asiya şəhərlərinin yaşayış qiymətləri reytinqində birinci yerdə olduğu, ən ucuz şəhərlərin isə Yaxın Şərq, Afrika və Asiyanın yoxsul bölgələrində olduğu bildirilib.

Suriyanın paytaxtı Dəməşq dünyanın ən ucuz şəhəri olduğu halda, siyahıda sondan ikinci yeri Liviyanın paytaxtı Tripolinin tutduğu deyilib.

Mənbə: teleqraf.com